Kənd təsərrüfatı bitkilərindən yüksək və sabit məhsul almaq üçün bir çox tədbirlər ardıcıl olaraq yerinə yetirilməlidir. Bu tədbirlərdən ən əsasları torpağı müvafiq surətdə becərmək və gübrələri düzgün tətbiq etməklə həyata keçirilən suvarma, bitkilərin vaxtında səpilməsi, zərərvericilərə və xəstəliklərə qarşı mübarizə aparılmasından ibarətdir. Əkinçilik sistemində bütün tədbirlərin böyük əhəmiyyəti vardır, lakin yerli təbii və təsərrüfat şəraitindən asılı olaraq onlardan bəziləri daha vacib hesab olunur. Məsələn, əgər bir bölgədə quraqlıq daha çox olursa, ona qarşı görülən tədbir, digər bir rayonda torpaqda həddindən çox rütubət varsa, həmin torpaqları qida maddələri ilə zənginləşdirmək və rütubətin azaldılmasına qarşı aparılan tədbirlər əsas hesab olunur. Texniki tərəqqi inkişaf etdikcə bütün bitkilərin məhsuldarlığı artırılmaqda gübrələr və alaqlar, kənd təsərrüfatı bitkilərinin ziyanvericiləri və xəstəlikləri ilə kimyəvi mübarizə tədbirləri, eləcə də torpağı becərməyin və bitkilərə qulluq etməyin yaxşılaşdırılmış üsulları birinci dərəcəli əhəmiyyət daşıyır.
Kənd təsərrüfatı bitkilərindən yüksək və sabit məhsul götürülməsinə doğru yönəldilən aqrotexniki tədbirlər sistemində torpaq və əkinlərin alaqlardan təmizlənməsinin də böyük əhəmiyyəti vardır. Alaqlar kənd təsərrüfatı bitkiləri əkinləri, təbii biçənəklər, otlaqlar, meyvə bağları, hətta meşələri də basır. Onları məhv etmək əkinçiliyin ən mühüm məsələlərindən biridir. Çünki yalnız alaqlardan təmizlənmiş tarlalarda kənd təsərrüfatı bitkilərindən yüksək məhsul götürmək mümkündür. Ona görə də yuxarıda qeyd olunan bütün tədbirlərin vaxtında və düzgün həyata keçirilməsi xüsusi əhəmiyyətə malikdir.
Buğda həm dəmyə (Şəkil 4.1), həm də suvarılan (Şəkil 4.2) torpaqlarda yetişdirilir. Bitkinin əkildiyi gündən tam yetişdirildiyi günə qədər dövrün uzunluğu düzənlik rayonlarda 228 gün, dağlıq rayonlarda 305 günədək dəyişir. Payızlıq buğdanın toxumu 1-2 dərəcə selsi temperaturda cücərdilə bilir. Lakin kütləvi cücərtilərin alınması üçün əlverişli temperatur 12-15 dərəcə selsi hesab olunur. Respublikamızda payızlıq bitkilərin vegetasiyası qış aylarında gündüz baş verir. Çünki gündüz havanın temperaturu, adətən, 3 dərəcə selsidən yuxarı olur, ona görə taxıl gündüz boy atır, gecə isə inkişafı dayanır. Bitkinin normal inkişafı üçün ən əlverişli temperatur 20-22 dərəcə selsi arasında olur.