Çarpaz səpin üsulunun bir çox çatışmayan cəhətləri vardır. Bu üsulla səpinə çox vaxt sərf olunur, yanacaq çox işlənir, əmək haqqı və səpin üçün istifadə olunan texnikanın xərcləri iki dəfə çox olur. Səpin aparan texnika eyni sahədən iki dəfə keçməklə torpağın mexaniki tərkibini pozur və onu bərkidir. Toxumsəpən maşın uzununa səpilmiş sahəni eninə səpərkən torpaqdakı toxumun bir hissəsini torpağın üst hissəsinə çıxardır. Payızlıq dənli bitkilərin toxumlarının ən əlverişli səpin üsulu darcərgəli üsuldur. Bu üsulla səpdikdə bir hektar sahədə cərgələrin sayı iki dəfə artdığına görə cərgədə bitkilərarası məsafə də genişlənir. Belə əkinlərdə bitkilər su, qida maddələri və günəş işığından daha səmərəli istifadə etdiyinə görə yüksək məhsul verir. Bu üsulla səpin zamanı alaq bitkiləri çox yayıla bilmir (Şəkil 3.15). Respublikanın suvarılan bölgələri, iri taxılçılıq təsərrüfatlarında dənli sünbüllü bitkilərdən yüksək və sabit məhsulun alınması üçün bu bitkilərin becərilməsində mütərəqqi və səmərəli texnologiyalardan istifadə edilməsi əsas tədbirlərdən hesab edilir. Bu texnologiyaların əsas və başlıca elementlərindən biri bu bitkilərin tirəli səpin üsulu ilə becərilməsidir. Bu üsulla dənli taxıl bitkiləri şırımlararası məsafə 60-70, 70-80 və 80-90 santimetr olan gencərgəli tirələrə səpilir. Tirələr üzərində 2, 3 və 4 cərgədə cərgəarası məsafə 15-20 santimetr olunmaqla toxum səpilir və bitkilər tirələrarası şırımlar vasitəsilə suvarılır. Bu üsul çox əlverişli və iqtisadi cəhətdən səmərəli üsul hesab olunur. Tirə üsulu ilə səpin Türkiyənin istehsalı olan “Öztekin” və ya “Altınöz” markalı toxumsəpən, tirə düzəldən və şırım açaraq gübrə səpən maşınlarla aparılır (Şəkil 3.16). Hal-hazırda respublikanın əksər suvarılan bölgələrində fermerlər payızlıq buğdanı cərgəarası 15 santimetr, hər hektar üçün 220-250 kiloqram toxum götürülərək cərgəvi üsulla səpirlər (Şəkil 3.15). |
Ancaq yeni taxıl texnologiyası olan tirəli səpin üsulunda isə payızlıq buğdanın səpin norması hər hektara 130-140 kiloqram toxum götürülərək səpilir (Şəkil 3.17).