Qeyd olunan amillər nəzərə alınaraq səpin norması bir hektar sahə üçün nə yüksək, nə də ki aşağı götürülməlidir. Səpin aşağı norma ilə aparılarsa, sahədə bitkilər seyrək olur, alaqların inkişafı üçün əlverişli şərait yaranır, nəticədə məhsuldarlıq aşağı düşür. Digər halda səpin norması çox götürüləndə sahədə bitkilər sıx olur, bir-birini kölgələndirir, torpaqda su, qida maddələri çatışmır və yenə də məhsuldarlıq aşağı düşür. Ona görə də səpin normasının müəyyən edilməsi vacib şərtdir. Bir çox hallarda fermerlər bir hektar üçün səpin normasını standart (hər il eyni çəkidə, məsələn, 220 kiloqram) qaydada müəyyənləşdirirlər. Bəzən fermerlər yuxarıda qeyd olunan amilləri nəzərə almadan səpin aparırlar ki, bu da nəticədə məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Hazırda dənli bitkilərin səpin normaları çəki ilə (məsələn, 200 kiloqram hektara) və ya hər hektara səpilən toxumların sayı ilə təyin edilir. Azərbaycan Respublikasında suvarılan torpaqlarda bir hektar yumşaq buğda sortlarının səpin norması bir hektar sahəyə 4.5-5.0 milyon ədəd, bərk buğda sortlarında isə 3.5-4.0 milyon cücərdilən toxum götürülür (Şəkil 3.13). Əgər əkin gec aparılırsa, bu sayın üzərinə əlavə 10 faiz gəlmək lazımdır. Səpinin aparılması üçün şəkil 3.18-də göstərildiyi kimi torpaq şumlanmadan başlayaraq şəkil 3.14-ə qədər olan işlər ardıcıllıqla vaxtında və tez yerinə yetirilməlidir.
3.3.4. Səpin usulları
Payızlıq dənli bitkilərin toxumları aşağıda qeyd olunan üsullarla səpilir:
• Adi cərgəli (cərgəarası 15 santimetr);
• Çarpaz üsul (15 x 15 santimetr); • Darcərgəli (cərgəarası 7.5 santimetr); • Tirəli üsul. Adi cərgəvi üsul çox geniş yayılmamışdır. Lakin bu səpin üsulunda cərgədə bitkilər sıx yerləşir, onlar qida maddələri, nəmlik və günəş enerjisindən səmərəli istifadə edə bilmir. |