Kənd təsərrüfatı bitkilərinin səpilməsi və əkilməsi kənd təsərrüfatında çox əhəmiyyətli işlərdən biridir. Çünki məhsulun çox olması xeyli dərəcədə onların düzgün səpilməsindən asılıdır. Bunun üçün əsas tələblər bunlardır:
3.3.2. Dənli bitkilərin səpin müddəti
Payızlıq dənli bitkilərdən yüksək və sabit məhsul almaq üçün ən mühüm aqrotexniki tədbirlərdən biri səpin müddətidir. Aparılan aqrotexniki tədbirlərdən heç biri bitkilərin böyüməsi və inkişafına səpin müddəti qədər təsir göstərə bilmir. Toxumun payızda vaxtında əkilməsi bitkilərin güclü və yaxşı inkişaf etməsinə səbəb olur və nəticədə bitkilərin qışın şaxtasına davamlılığı artır. Payızlıq bitkilərin xəstəliklərə tutulması, zərərvericilərlə zədələnməsi və dənin yetişmə vaxtı da səpin müddətindən asılıdır. Ona görə də respublikamızda payızlıq dənli bitkilər əkilən zonaların hər birində səpin əlverişli müddətdə və 6-8 iş günü ərzində başa çatdırılmalıdır. Əlverişli müddətdə səpilmiş sahələrdə bitkilər şaxtalar düşənə kimi güclü rüşeym və yan kökləri əmələ gətirir, möhkəmlənir və kollanır. Belə bitkilər qışın əlverişsiz şəraitlərinə davam gətirə bilir. Gecikmiş səpinlərdə isə cücərtilər payızda kollana bilmir və zəif halda qışlamaya başlayır. Payızda zəif kök atmış bitkilər isə qışa az davamlı olur, onların çoxunu şaxta tələf edir və nəticədə əkinlərdə seyrəklik əmələ gəlir (Şəkil 3.9). |