Toxumların səpin keyfiyyətlərindən aşağıdakılar tələb olunur: onlar təmizlənmiş, bərabərləşdirilmiş, tamçəkili, cücərmə qabiliyyəti və cücərmə enerjisi yaxşı, ziyanvericilər və xəstəliklər yoluxmamış olmalıdır.
Toxumlar göstərilən tələbləri təmin edirsə, onlar kondision toxum adlanır (səpinə yararlı). Kondision (səpinə yararlı) olmayan toxumların səpilməsi qadağandır. Toxumlar səpin keyfiyyətinə görə 3 sinfə bölünür:
Əkin sahələrindən yüksək və təmiz (qarışığı olmayan) məhsul almaq üçün birinci sinif toxumlar səpilməlidir, yalnız onlar olmayanda ikinci sinif toxumların səpilməsi mümkündür. Çalışmaq lazımdır ki, 1 və 2-ci sinfə aid olan toxumlardan istifadə olunsun, 3-cü sinfə aid olan toxumlar səpəndə hər hektara 8 minə qədər alaq toxumu səpilir. 3-cü sinfə aid olan toxumların cücərmə qabiliyyəti aşağı olanda fermer məcbur olur, səpin normasını artırsın. Bu isə o deməkdir ki, sahəyə keyfiyyətli toxumlarla bərabər keyfiyyətsiz, cücərməyən toxumlar da əkilir. Bu isə hər hektar üçün səpilən toxum normasını artırır və həm fermer, həm də dövlətə zərər vurur. Toxumun təmizliyi dedikdə, ilk növbədə, səpilməyə götürülmüş toxumun içərisində əzilmiş, büzüşmüş, cücərmiş və ya çürümüş, toxumlar, başqa bitkilərin toxumları, eləcə də alaq toxumları, küləş qırıntıları, torpaq topacıqları, qum və s. olmaması başa düşülür. Səpin üçün istifadə olunan toxumun tərkibində tullantı və qarışıqlar nə qədər az olarsa, onun təmizliyi o qədər yüksək olar. |