Torpaqda nəmliyi saxlamaq üçün erkən yazda malalama birinci növbədə yuyulmuş torpaqlarda, sonra isə başqa torpaqlarda aparılmalıdır. Dəmyə torpaqlarda torpaqdan buxarlanan suyun miqdarı yağan yağıntının miqdarından çox olur. Ona görə də bu regionlarda torpaqlara elə becərmə sistemi tətbiq etmək lazımdır ki, torpaqlarda nəmliyi uzun müddət saxlamaq mümkün olsun. Səpinqabağı becərmə müxtəlif zonaların xüsusiyyətlərinə uyğun olaraq aparılır. Əgər torpaq sahəsi bir il boş qalıbsa, bu il ora səpiləcək bitkilərin toxumları hansı dərinlikdə əkiləcəksə, elə o dərinlikdə də kultivasiya aparmaq lazımdır. Dəmyə şəraitində payızlıq dənli bitkilər (məsələn, buğda) üçün payızda yağan yağıntıdan asılı olaraq toxum səpiləcək dərinlikdə 1-2 dəfə diskləmə aparmaq lazımdır (Şəkil 2.31). Torpağın vəziyyəti, iqlim şəraiti, bitkilərin bioloji xüsusiyyətləri, sortun xüsusiyyətindən asılı olaraq səpinqabağı torpağın hazırlanmasında başqa variantlar da tətbiq etmək olar.
2.6.1. Malalama
Şumun üst qatının mala və yaxud rotorlu toxalarla yumşaldılmasına deyilir. Malalar da kultivator kimi torpağı yumşaldır, dənəvərləşdirir, torpağın səthini hamarlayır, alaq otlarını məhv edir.
2.6.2. Sıxlaşdırma
Toxumların normadan artıq dərinliyə düşməməsi üçün həddindən çox yumşaq torpaqlar səpinə qədər sıxlaşdırılır. Yadda saxlamaq lazımdır ki, Azərbaycanın torpaq-iqlim şəraiti çox müxtəlif olduğundan taxılçılıqda tətbiq olunan becərmə sistemi də müxtəlif olmalıdır. Əgər suvarma şəraitində məqsəd torpağı suvararaq yumşaq saxlamaqdırsa, dəmyə şəraitində isə torpaqda nəmliyin toplanması və saxlanmasını təmin etmək lazımdır. |