2.5.1. Üzləmə
Tarladan məhsul yığıldıqdan sonra torpağın 8-12 santimetr dərinlikdə becərilməsinə deyilir. Bu əməliyyat torpağın üst qatının yumşaldılması, bitki və kövşən qalıqlarının xırdalanması, alaq otları toxumlarının cücərdilməsi üçün əlverişli şəraitin yaradılması, torpağın şum qatında nəmliyin toplanması, saxlanması və s. üçün aparılır. Üzləmə üçün laydırlı və diskli alətlərdən istifadə olunur (Şəkil 2.22). 2.5.2. ŞumTorpağa təsirinə görə əsas və ən səmərəli əməliyyatdır. Bu əməliyyatla torpağın üst qatının 25-30 santimetr çevrilməsi, onun dənəvərləşdirilməsi, əkin qatının yumşaldılması, gübrənin torpağa basdırılması və s. məsələlər həll olunur (Şəkil 2.23). Şum qatının üst hissəsində, adətən, külli miqdarda alaqların toxumları, ziyanvericilərin yumurtaları, sürfələri və bitki xəstəliklərinin törədiciləri olur. Torpağın şumlanması zamanı torpaq kotan vasitəsilə tam çevrilərək onlar torpağın altına salınaraq dərinə basdırılır. Burada onların çoxu müəyyən müddətdən sonra məhv olur. Şumun keyfiyyəti kotanların necə quraşdırılması və köhnə, yaxud təzə olmasından çox asılıdır. Yalnız qüsursuz işləyən kotanları işə buraxmaq olar. Avtomatları nasaz olanda kotanlar döngələrdə yaxşı şumlamır və torpağın bu hissəsi şumlanmamış qalır. Kotanın kəsdiyi torpaq layının eninin də şumun keyfiyyəti üçün əhəmiyyəti vardır. Kəsilmiş torpaq layının eni şumun dərinliyindən çox olanda torpaq pis ovulur. Əksinə olanda da yəni torpaq layı ensiz olanda isə pis çevrilir. 18-22 santimetr dərinlikdə şum - normal, 18 santimetrdən az şum-dayaz, 25-35 santimetrdən dərin və 35 santimetrdən çox həddindən artıq dərin şum hesab edilir. |