Hal-hazırda respublikamızda bərk buğda sortları yumşaq buğda sortlarından çox az əkilir. Statistik məlumata görə bərk buğdaların ümumi əkin sahəsi 150 min hektar təşkil edir. Lakin son dövrlərdə ölkə iqtisadiyyatının sürətlə inkişaf etməsi digər sahələrlə yanaşı, makaron və vermişel istehsalı üçün yüksək infrastruktura malik istehsal müəssisələrinin (fabrik və zavodların) yaranmasına səbəb olmuşdur. Bərk buğdaların unundan, əsasən, makaron və qənnadı sənayesində xammal kimi istifadə olunduğu üçün bu növə aid olan buğda sortlarının əkilməsinə maraq regionlarda xeyli artmışdır (Şəkil 1.23). Ümumiyyətlə, təhlillər göstərir ki, taxılçılıqda əldə olunmuş iqtisadi artım respublika əhalisinin artmaqda olan tələbatına tam cavab vermir. Dünyanın bir sıra inkişaf etmiş ölkələrində taxılçılıqda hər hektardan 50-60 sentner məhsul əldə edildiyi halda respublikamızda 2015-ci ildə orta məhsuldarlıq 30.7 sentner səviyyəsində olmuşdur.
Respublikamızda taxılçılığı inkişaf etdirmək və taxıl istehsalını artırmaq üçün hər bir regiona uyğun yeni məhsuldar taxıl sortları əkmək lazımdır. Hal-hazırda regionlarda bərk buğda növünə aid olan Mirbəşir-50, Qaraqılçıq 2, Tərtər, Vüqar, Şiraslan 23, Tərtər 2, Yaqut, Bərəkətli 95, Turan, Əlincə 84, Qarabağ bərk buğda sortları, əsasən, daha çox əkilir (Şəkil 1.24). Respublikamızda hər iki növə aid yeni yaradılan taxıl sortları Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun alimləri və elmi əməkdaşları tərəfindən növdaxili, növlərarası çarpazlaşmadan (hibridləşmədən) və fərdi seçmə üsulundan istifadə edilməklə yaradılıb.