Buğda istifadəsinə görə qədim tarixə malikdir. Aparılmış arxeoloji qazıntılar nəticəsində müəyyən edilmişdir ki, eramızdan 6000-6500 il əvvəl İraq, Misirdə bu bitki mövcud olmuşdur. Orta Asiya və Zaqafqaziya Respublikalarında (Azərbaycanda) isə eramızdan 4-5 min il əvvəl buğda becərilmişdir. Son illər respublikamızın Naxçıvan Muxtar Respublikası, Göygöl (Xanlar), Mingəçevir, Abşeron, Ağdaş rayonlarında aparılmış arxeoloji qazıntılar bu bitkinin respublikamızda qədim tarixə malik olmasını bir daha sübut etmişdir. İnsanlar ilk dəfə bir və iki dənli buğda növündən ərzaq kimi istifadə etmişlər. Həmin buğda növlərinə hal-hazırda respublikamızda tez-tez rast gəlinir. Sonralar tədricən buğdanın başqa növləri əmələ gəlmiş və hal-hazırda onun iki növü respublikamızda daha çox geniş yayılıbdır.