1. Ərzaq məqsədilə istifadə olunanlar:
Dənli bitkilərə, əsasən, buğda, çovdar, vələmir, arpa, düyü, qarğıdalı və s. daxildir. Bunların arasında əsas yeri buğda tutur ki, bundan da yer kürəsi əhalisinin yarısı qidalanır. Dünya əhalisinin üçdə bir hissəsi (yəni dünyada yaşayan 7 milyard əhalinin 2 milyard 300 milyonu), əsasən, düyü yeyir. Respublikamızda taxıl istehsalında, əsasən, buğda (yazlıq və payızlıq) mühüm yer tutur (Şəkil 1.1) Bu bitkinin dənində insanın qidalanması üçün lazım olan zülal, yağ və karbohidratlar, B vitaminləri kompleksi (B1, B2 və s.), həmçinin, PP vitamini, mineral birləşmələr - kalsium, fosfor, dəmir və başqa elementlər vardır. Buğda unu keyfiyyəti və yaxşı həzm olunmasına görə digər taxıl bitkilərinin unundan fərqlənir. O, yüksək dad keyfiyyətinə malikdir, insan və heyvan orqanizmləri tərəfindən yaxşı həzm olunur. Buğdadan müxtəlif növ un, yarma, makaron, nişasta, çörək, əriştə, vermişel, lavaş, təndir çörəyi, şirniyyatlar, digər milli xörəklər, spirt, yapışqan və s. hazırlanır (Şəkil 1.9; Şəkil 1.10; Şəkil 1.11; Şəkil 1.12; Şəkil 1.13). Həmçinin, taxılın gövdəsi, samanı, yarpağı və dənindən hazırlanan yemlərdən heyvanlar və quşların yemlənməsində geniş istifadə olunur (Şəkil 1.14). Bunlardan başqa, taxıl bitkiləri digər bitkilər üçün yaxşı sələf hesab olunur (sələf - bu il buğda əkilibsə, gələn il bu yerdə pambıq əkiləcəksə, demək, buğda pambıq bitkisinin sələfi hesab olunur, qabaq əkilən bitki növbəti ildə onun yerinə əkilən bitki üçün sələf hesab olunur). Çünki taxıl əkilən ili ona verilən üzvi və mineral gübrələr torpağın münbitliyini artırır (torpağı gücləndirir, yaxşılaşdırır). Taxıl biçilib yığıldıqdan sonra onun yerinə növbəti il əkilən bitkidən daha yaxşı məhsul götürmək olur. |