Vələmir əkininə edilən qulluq təxminən payızlıq buğda və arpada olduğu kimidir. Bitkilər ilk yazda kollanma fazasında bir dəfə azot və fosfor gübrəsi ilə əlavə yemləndirilməlidir. Əsas gübrə və əlavə yemləmə zamanı verilən qida maddələrinin miqdarı sələf, torpağın xüsusiyətləri və planlaşdırılmış məhsuldan asılı olaraq dəyişdirilir. Dəmyə şəraitində becərildikdə səpindən sonra sahənin malalanması cücərtilərin əmələ gətirilməsini sürətləndirir. Bitkilər vegetasiya dövrlərində iki-üç dəfə şırımla suvarılmalıdır. Suvarmalar bitkinin kollanma, boruya çıxma və süpürgə əmələgəlmə fazalarında aparılır. Suvarmaların aparılma müddəti və sayı torpaq-iqlim şəraiti, bitkinin suya olan tələbi ilə əlaqələndirilməlidir. Vələmir bitkisinin məhsulunun yığılması dənin tam yetişdirilməsi fazasında aparılır. Məhsulun yığılması, buğda və arpada olduğu kimi adi qaydada kombaynlarla birbaşa və ya hissə-hissə yığım üsulları ilə həyata keçirilir.
6.6. Tritikale bitkisinin əhəmiyyəti
Sürətlə artan dünya əhalisinin qidaya olan tələbatını ödəmək məqsədilə ABŞ, Polşa, Kanada və Meksika (CIMMYT - taxılçılıq və qarğıdalı üzrə beynəlxalq təşkilat) kimi bir çox ölkədə buğda ilə çovdarın hibridləşdirilməsi nəticəsində alınan tritikale bitkisinin inkişafına böyük önəm verir (Şəkil 6.27). Tritikale bitkisinin alınması üçün buğda bitkisi ana, çovdar bitkisi isə ata bitki kimi götürülmüşdür və hibridləşdirmə nəticəsində alınmışdır. Tritikale bitkisi buğda və arpa bitkilərindən fərqli olaraq ətraf mühit amillərinə daha çox davamlıdır. Hətta arpa və buğda bitkilərinin məhsuldar və keyfiyyətli yetişdirilə bilməyən tarla şəraitində Tritikale bitkisi yüksək məhsul vermə imkanlarına malikdir. Tritikale buğda və arpaya görə biotik və abiotik amillərə daha çox davamlıdır. Abiotik amillər (yun.“a” – inkar,“bios” – həyat) cansız təbiət amilləridir. Bunlara işıq, rütubət, atmosfer təzyiqi, havanın temperaturu, torpaqda mineral duzların miqdarı, torpağın nəmişliyi və aerasiya (yun.“aer” – hava) kimi amillər aiddir. Biotik amillər canlı orqanizmlərin bir-birinə təsiridir. Məsələn, bitkilərin həşəratlarla tozlanması, orqanizmlər arasında rəqabət, yırtıcılıq, simbioz və s. biotik amillərdir. |
Antropogen amillər (yun.“anthropos” - insan,“genisisum” - doğulma, mənşə) canlı orqanizmlərin həyat şəraitinin dəyişdirilməsi ilə müşayiət olunan insan fəaliyyətidir. Belə ki, insanın təsərrüfat fəaliyyəti nəticəsində yer səthinin relyefi, kimyəvi tərkibi, atmosferi və canlılar aləmi dəyişir.