Əgər payızlıq çovdarın sələfi payızlıq taxıllardırsa, sələf bitkisi yığıldıqdan sonra tarla 4-6 santimetr dərinlikdə üzlənməlidir (şumlanmalıdır). Bu zaman alaq bitkiləri məhv edilir və əsas şumun aparılmasına şərait yaranır. Əsas şum səpindən bir ay tez olmamaq şərti ilə 25-27 santimetr dərinlikdə aparılır. Səpindən təxminən bir həftə əvvəl sahədə səpinqabağı becərmə işləri həyata keçirilməlidir.
Aparılan təcrübələrlə müəyyən edilmişdir ki, payızlıq çovdar hektardan 32 sentner dən verdikdə məhsulu ilə torpaqdan 90 kiloqram azot, 48 kiloqram fosfor və 88 kiloqram kalium aparır.
Payızlıq çovdar üçün nəzərdə tutulmuş üzvi gübrənin (peyinin) hamısı, fosforun 70-80 faizi əsas şum altına verilir. Planlaşdırılmış qida maddələrinin qalan hissəsi səpinqabağı kultivasiyadan əvvəl və ya əlavə yemləmə şəklində erkən yazda kollanma fazasının sonunda verilməlidir.
Səpin üçün payızlıq çovdarın toxumu, əsasən, toxumluq sahələrdən götürülməlidir. Toxumun iriliyi sortun xüsusiyyətlərinə uyğun olmalıdır. Toxum sağlam və başqa qarışıqlardan təmiz olmalıdır. Bunun üçün yığılmış çovdar dənləri optimal nəmlikdə anbar şəraitində ayrıca saxlanılmalı, səpindən 1-2 ay əvvəl toxumtəmizləyən maşınlarda qarışıqlarından təmizlənməli və çeşidlənməlidir (ayrılmalıdır). Səpindən əvvəl toxumlar xəstəlik və zərərvericilərə qarşı dərmanlanmalıdır.
Aparılan təcrübələrlə müəyyən edilmişdir ki, payızlıq çovdarın ən yaxşı səpin üsulu darcərgəvi və çarpaz səpin üsullarıdır. Həmin səpin üsullarında bitki torpaqdan daha səmərəli istifadə edir.
Hektara səpiləcək toxumun miqdarı onun iriliyi, sağlamlığı, zonanın torpaq-iqlim şəraiti və səpin üsulundan asılıdır. Respublikamızın dağ və dağətəyi rayonlarında hektara 4-4.5 milyon cücərdilmə qabiliyyəti olan çovdar toxumunun səpilməsi məsləhət görülür, bu da təxmini çəki ilə 150-160 kiloqram toxum deməkdir. Çovdarın ən yaxşı səpin müddəti payızda havanın sabit orta temperaturu müsbət 10 dərəcə selsidən müsbət 12 dərəcə selsiyə qədər olduğu dövr hesab edilir. Bu da təxminən oktyabr ayına düşür. Belə səpin müddətində qış şaxtaları düşənə qədər çovdarın cücərti verməsi, kollanması, boyatmasına yaxşı şərait yaranır. Tez səpin bitkinin payızdan boruya çıxarılması, gec səpin isə şaxtalar düşənə qədər bitkidə kollanma getməməsinə səbəb olur. Deməli, həmin səpin müddətləri optimal (əlverişli) səpin müddəti hesab edilə bilməz. Toxum elə vaxtda səpilməlidir ki, qış şaxtaları bundan ən azı 40-45 gün sonra düşsün. Payızlıq çovdarın toxumları iriliyi, torpağın xarakteri, onun rütubətlilik dərəcəsindən asılı olaraq 4-5 santimetr dərinliyə basdırılmalıdır. Payızlıq çovdar sahəsində payızdan suvarma və əlavə yemləmə (əsasən, superfosfat gübrəsi), alaqlara qarşı mübarizənin düzgün tətbiqi, bitkinin payız-qış dövründə əlverişsiz hava şəraitinə davamlılığını artırır. Bu halda ilk yazda bitkilər daha normal inkişaf edir. Qış dövrü gəmiricilərə qarşı mübarizənin aparılması bitki sıxlığının normal qalmasına səbəb olur. İlk yazda superfosfat və ammonimum şorası (gübrələr) ilə əlavə yemləmənin aparılması bitkilərin istilər başlayan zaman yaxşı inkişaf etdirilməsinə səbəb olur. Kollanma, boruyaçıxma və çiçəkləmə fazalarından sonra vegetasiya suvarmalarının şırımlarla aparılması da məhsuldarlığa müsbət təsir edir. Yaz dövrü alaqlara qarşı mübarizə də düzgün aparılmalıdır. Payızlıq çovdar əkinlərində aqrotexniki tədbirlərin əlverişli müddətdə aparılması onun məhsuldarlığına müsbət təsir göstərir. Payızlıq çovdarın məhsulunun yığımı kombaynlarla aparılır.