6.3.1. Becərmə tarixi
Çovdarın vətəni İran və Əfqanıstan hesab edilir. Zaqafqaziya respublikaları xalqlarına bu bitki çox qədim zamanlardan (b.e.ə. 2000-ci il) məlumdur. Çovdar əvvəllər buğda və arpa əkinlərini zibilləyən alaq bitkisi kimi tapılmış və tədricən mədəni formaları (süni seçmə və seleksiya yolu ilə) əldə edilmişdir. Hal-hazırda payızlıq buğda və arpa əkinlərində çoxillik və birillik yabanı çovdara rast gəlinir. Mədəni çovdar payızlıq taxıl bitkiləri içərisində şaxtaya ən çox davamlı hesab edilir. Respublikamızda çovdar bitkisi dağ və dağətəyi rayonlarda səpilir. Onun əkinlərinin hər hektarından orta hesabla 14-15 sentner dən alınır. Qabaqcıl fermer və kəndli təsərrüfatlarında isə onun məhsuldarlığı 25-30 sentnerə çatır. 6.3.2. Botaniki təsvirÇovdar da başqa taxıl bitkiləri kimi Gramineae fəsiləsinə Secaie cinsinə mənsubdur. Onun bir çox növü vardır ki, onların sənaye üçün istifadə edilən növü Secaie sereaie-dir, cücərtisi bənövşəyi rəngdədir. Çovdarın kökü saçaqlı olmaqla torpağın 1.5-2 metr dərinliyinə gedə bilir. Onun kök sisteminin ümumi həcm və çəkisi payızlıq buğdanınkından xeyli artıqdır. Aparılmış tədqiqatlarla müəyyən edilmişdir ki, bir çovdar bitkisinin kökündə 10 milyard ədəd əmici tel olur. Gövdəsi 0.6-1.2 metr hündürlükdə olmaqla içərisi boşdur (Şəkil 6.22). Dənləri uzunsov, uzunsov-oval formalı, dənlərinin qabığı tünd-boz, darçını, yaşımtıl, sarı kürən, yaxud qırmızı rəngdə olur. 1000 dənin kütləsi 10-35 qramdır. |