Respublikamızda payızlıq arpanın optimal səpin müddəti oktyabr ayının sonu, noyabr ayının əvvəlləri (25 oktyabr-5 noyabr) hesab edilir. Əksər rayonlarda arpa toxumunun səpin dərinliyi buğda ilə eynidir, yəni 4-6 santimetrdir. Səpin normaları torpağın münbitlik dərəcəsindən, su ilə təmin olunması, səpin müddətləri, sortların bioloji xüsusiyyətləri və s.-dən asılı olaraq müəyyənləşdirilir. Payızlıq arpanın səpin norması payızlıq buğdanın səpin normasına yaxındır. Respublikamızda arpanın optimal səpin norması 1 hektara 4 - 4.5 milyon cücərdilə bilən toxum hesab olunur ki, bu da 160-180 kiloqram dənə bərabərdir (Şəkil 6.18, Şəkil 6.19). Sahədə həddən artıq suyun yığılıb qalması payızlıq arpanın inkişafına çox pis təsir göstərir. Suvarılan rayonlarda payızlıq arpa səpini üçün sahəni hazırlayarkən əsas şumdan əvvəl sahədə mütləq arat suvarılmasını aparmaq lazımdır. Arat, əsasən, əsas şuma 10-12 gün qalmış aparılmalıdır. Suvarma norması torpağın quruması dərəcəsi və qrunt sularının dərinliyindən asılı olaraq müəyyənləşdirilir. Qrunt suyu çox dayazda – yer səthinə yaxın olan zaman 1 hektara sərf olunacaq suyun norması 800-1000kub metr, qrunt suyu çox dərinlikdə olarsa, 1500 kub metrə qədər su verilməsi tövsiyə olunur. Vegetasiya suvarmaları torpağın quraqlıq dərəcəsi və təsərrüfatda suvarma suyunun olmasından asılıdır. |