Arpanın bütün növləri sünbüllərinin formasına görə ikicərgəli və çoxcərgəli arpalara bölünür. İkicərgəli arpanın sünbüllərində sünbülcüklər iki sırada yerləşərək qabıqlı və çılpaqdənli olur.
Çoxcərgəli arpa da iki qrupa bölünür. Çoxcərgəli arpa da qabıqlı və çılpaq dənli olur.
Mədəni arpa birillik ot bitkisidir. Payızlıq və yazlıq formaları vardır. Gövdəsi silindrik formada olub içi boşdur, 2.5-dən 4 millimetrədək diametrdə, 30 santimetrdən 135 santimetrədək hündürlükdə olur. Gövdə yetişdiriləndə sarı və ya antosianlı (bənövşəyi, al-qırmızı) rəngə boyanır. Yarpaqlar gövdənin hər tərəfində növbə ilə yerləşir.
Arpanın generativ orqanı - çiçək qrupu sünbüldür. O, sünbül oxundan və həmin oxun ətrafındakı pillələrdə yerləşən sünbülcükdən ibarətdir.
Çiçəklər iki cinslidir, hər çiçəkdə üç erkəkcik və bir dişicik olur. Arpanın kökü saçaqlıdır.
6.2.3. АqrotexnikaPayızlıq arpanın ən yaxşı sələfi dənli paxlalılar, silos üçün qarğıdalı (Şəkil 6.8.), payızlıq buğda (Şəkil 6.1, Şəkil 6.2, Şəkil 6.3), kartof (Şəkil 6.9, Şəkil 6.10) və yemlik çuğundur hesab edilir. Payızlıq arpanın yüksək və keyfiyyətli məhsul verməsi üçün sahə alaqdan təmizlənməlidir. Sələf bitkisindən (keçən il əkilən bitki) asılı olaraq torpağın becərilməsi düzgün aparılmalıdır. Payızlıq arpanın məhsulu payızlıq buğdaya nisbətən sahədən tez yığılır. Bir sıra bitkilər üçün də arpanın özü də yaxşı sələf hesab edilir. Respublikamızda arpa biçini mayın axırı, iyunun əvvəllərində aparılır. Təkrar səpinlər üçün vələmir, kartof, dənli paxlalı bitkilər və başqaları ola bilər. Arpa bitkisi dənli taxıl bitkilərindən sonra səpiləcəksə, sahə əsas şuma qədər üzdən 7-8 santimetr dərinlikdə yumşaldılmalıdır. Cərgəarası becərilən bitkilərdən sonra becəriləcəksə, sahə birbaşa şum edilməlidir.
Payızlıq arpa mineral gübrələrə çox tələbkardır. Respublikamızda arpanın yaxşı qışlanması üçün payızda əsas şum altına superfosfat gübrəsinin verilməsi çox vacibdir. Çünki bu gübrə arpa bitkisinin soyuğa qarşı davamlılığını artırır.
Superfosfat gübrəsinin 1 hektara verilməsi norması tozşəkilli forma üçün 2-3 sentner, dənəvər forması üçün isə 50 - 60 kiloqram yaxşı nəticə verir. Kalium gübrəsi də arpa bitkisinin soyuğa qarşı davamlılığını artırır, o həmçinin, bitkilərin yatmağa qarşı dözümlülüyünü yüksəldir. Bunun da hektara verilmə norması 50-60 kiloqram təşkil edir (Şəkil 6.13). Mineral gübrələrlə birlikdə torpağa az miqdarda 1 hektara 2-3 ton peyinin verilməsi mineral gübrələrin səmərəliliyini xeyli yüksəldir (Şəkil 6.11).
Payızlıq arpa payızlıq buğdadan bir az sonra səpilir, ancaq səpini çox gecikdirmək olmaz. Səpin gecikərsə, bitkilər qışqabağı yaxşı kollanmır, şaxtaya qarşı davamsız olur və vegetasiya dövrü uzanır. Həm də bu dövr isti vaxtlara düşdüyünə görə dənin dolması pis gedər, eləcə də bundan sonra səpiləcək təkrar səpin bitkisinin məhsuldarlığı xeyli aşağı düşmüş olar.