Hörmətli oxucu!
Azərbaycanda əkinçiliyin inkişafı qədim tarixə malikdir. Dünyanın bir çox ölkələrində olduğu kimi respublikamızda da taxılçılıq insanların əsas məşğuliyyət növlərindən biri hesab olunub. Taxılçılığın dəyərli bir sahə olması həm də onunla izah olunur ki, taxıldan əhali üçün ərzaq, yeyinti və yüngül sənaye üçün xammal, heyvandarlıq üçün isə yem hazırlanır.
Respublika ərazisinin quru və nəmli, subtropik, kontinental və mülayim, yüksək dağlıq, aran, suvarma, dəmyə, nəmliklə az və ya çox təmin olunmuş iqlim şəraiti və müxtəlif torpaq tiplərinə malik olmasına baxmayaraq, ədəbiyyat məlumatlarına görə buğdanın dünyada yayılmış 22 növündən 15 növünə respublikamızda rast gəlinir. Bunlardan yalnız 2 növü regionlarda geniş yayılıb. Hal-hazırda regionlarda buğdanın yumşaq və bərk buğda sortları daha çox əkilir.Son araşdırmalar və respublika ərazisində aparılan elmi ekspedisiyaların nəticələrinə görə Azərbaycan Respublikasının ərazisi buğda bitkisi, o cümlədən, bərk buğdanın vətəni hesab olunur. Bərk buğdalardan, əsasən, makaron, vermişel, əriştə, qənnadı sənayesində geniş istifadə olunsa da, çörək bişirilməsində az istifadə olunur.
Hal-hazırda yumşaq buğdaların əkin sahəsi respublikada birinci yeri tutur. Unundan, əsasən, çörək bişirilməsində 80-90 faiz istifadə olunur.
Bunlardan başqa, taxıl bitkiləri digər bitkilər üçün yaxşı sələf hesab olunur. Çünki taxıl əkilən ili ona verilən üzvi və mineral gübrələr torpağın münbitliyini artırır (torpağı gücləndirir, yaxşılaşdırır). Taxıl biçilib yığıldıqdan sonra onun yerinə növbəti il əkilən bitkidən daha yaxşı məhsul götürmək olur.
Modulda taxılçılığın iqtisadi əhəmiyyəti, respublikada yayılan bərk və yumşaq buğda növlərinin əlamətləri, müxtəlif dövrlərdə əkinin inkişafı, 30-cu illərdə yaradılan sortlar, 60-cı illərdə bərk buğdanın əkin sahəsinin azalmasına təsir edən səbəblər, bərk buğda növünün ən geniş yayıldığı regionlar, yeni sortların yaradılmasına olan ehtiyac, 1990-cı illərdən sonra respublikamızda hansı institutlarda və hansı üsullardan istifadə edilməklə yaradılan yumşaq və bərk buğda sortları haqqında məlumatlar əldə edəcəksiniz.
Təhsilalanlar əldə etdikləri məlumatların köməyilə nəzəri və təcrübi biliklərini genişləndirə və əldə etdikləri bilikləri gələcəkdə təsərrüfat fəaliyyətlərində tətbiq edə bilərlər.
Bu modulun ilk peşə-ixtisas təhsili müəssisələrində dərs vəsaiti kimi istifadə edilməsi məqsədəuyğun və əhəmiyyətli hesab edilir.