Biçin gecikdikcə alaqlar zəmiləri basır, biçini çətinləşdirir, məhsulun maya dəyəri yüksəlir. Biçin zamanı alaq bitkilərinin yaşıl kütləsi kombaynın bunkerində toxuma qarışır və onun nəmliyini xeyli artırır. Belə taxılı xırmanda qalın tökdükcə (Şəkil 5.4) qızışma gedir, kif göbələkləri fəaliyyətə başlayır. Nəticədə, toxumun cücərdilmə qabiliyyəti xeyli aşağı düşür. Buna görə də yaxşı olar ki, çox alaqlı sahələrdə bitkilər biçilib yerə tökülsün və quruduqdan sonra kombaynla yığılsın. Biçinin gecikməsinə təsir edən amillərdən biri də bəzi təsərrüfatlarda kombaynların sayının az olmasıdır. Bu səbəbdən də biçin dövrü uzanır. Təkcə məhsulun təbii itkisi hesabına təsərrüfatlara xeyli iqtisadi ziyan dəyir. Buna görə də yaxşı olar ki, təsərrüfatlarda kombaynlardan iki iş növbəsində istifadə edilsin, zəmilər qısa müddətə biçilsin.
Bir çox təsərrüfatlarda kombaynların iş orqanlarının düzgün nizamlanmaması nəticəsində xeyli itkiyə yol verilir. Bəzən bu itki zəmidə olan məhsulun 20-25 faizi qədər olur. Buna görə də yığımdan əvvəl kombayn əkilmiş sortun xüsusiyyətləri, dənin nəmliyi, bitkilərin boyu, sıxlığı və yatmasına uyğun olaraq nizamlanmalıdır.
Biçin zamanı itkinin qarşısını almaq üçün kombaynın aşağıdakı iş orqanları dəqiq nizamlanmalıdır:
Yatmış sahələrdə məhsul itkisinin qarşısını almaq məqsədilə kombaynın cəhrəsində olan plankalar çıxarılır, cəhrə irəli çəkilir və o qədər aşağı buraxılır ki, onun dırmıqları yatmış kütləni qaldırıb kəsici aparata verə bilsin.
Biçin dövründə baş verən itkilərdən biri də sünbüllər döyülərkən sünbüldə dənin qalmasıdır. Bunun səbəbi kombaynın barabanı ilə deka arasının düzgün nizamlanmamasıdır. Təcrübəli kombaynçılar gün ərzində barabanla dekanın arasını üç dəfə nizamlayırlar. Səhər və axşam həmin ara az, günorta isə çox olmalıdır, çünki günorta bitkilər quruyur, kövrək olur və asan döyülür. Kombaynda olan qovşaq və hissələr arasından da taxıl tökülə bilər. Belə yerlər hökmən kipləşdirilməlidir.