Biçinə başlamazdan əvvəl təsərrüfatlarda aşağıdakı hazırlıq işləri görülməlidir:
Bu hazırlıq işləri taxıl yetişənə kimi başa çatdırılmalıdır ki, biçin dənin tam yetişmə fazasının əvvəlində başlansın (Şəkil 5.3). Biçinin ləngiməsinə heç cür yol vermək olmaz. Çünki yetişdirilmiş taxıl sahədə qaldıqca məhsuldarlığı aşağı düşür. Bəzi sortların dəninin bir qismi sünbüldən tökülür, bitkilər güclü küləyin və yağışın təsirindən yatır, sünbülün qırılma qabiliyyəti artır və zərərvericilər dəni zədələyir. Tədqiqatlar göstərir ki, dənin tam yetişdirilməsindən 5 gün keçənə qədər məhsul yığılarsa, itki cüzi olar. Biçin iki həftə gecikərsə, məhsuldarlıq 15-20 faiz aşağı düşər. Bu gecikmə 3-4 həftə davam edərsə, məhsul itkisi 30 faiz və daha çox olar. Biçini gecikmiş sahələrin dəninin un və çörəkbişirmə keyfiyyəti pisləşir, dən həddən artıq quruyur. Biçin zamanı belə dənlər ya qırılır, ya da zədələnir, nəticədə onların cücərdilmə qabiliyyəti xeyli aşağı düşür. Deməli, taxılın qısa müddətdə yığılması nəinki məhsuldarlığın yüksəldilməsi üçün, həm də dənin və toxumun yüksək keyfiyyətini saxlamaq üçün vacib şərtdir.