Orqanoleptik üsulla yemin xarici görünüşü, rəngi, qoxusu, tərkib bütövlüyü (botaniki), vegetasiya fazası qiymətləndirilir. Hər bir yem üçün məxsusi normadan uzaqlaşma keyfiyyətin aşağı və ya təhlükəli olmasından xəbər verir.
Fiziki-mexaniki üsulla yemlərin nəmliyini, quru maddə tərkibini, xırdalanma dərəcəsini, qum, torpaq, metal qatışığını müəyyən edirlər.
Baytarlıq-bioloji üsulla yemlərin mikrobioloji, sanitargigiyenik, helmintoloji tərkibi müəyyən olunur.
Şəkil 8. Senaj və ya silosdan nümunə götürmək üçün avadanlıq və nümunə götürülməsi (2 - Burğu silindri; 3 - Elektrik silos kəsici; 4 - Silos burğu aləti)
Kimyəvi üsulla birinci növbədə yemlərin qidalılığı müəyyən edilir. Daha sonra yemlərin tərkibində toksinlərin, zəhərli və zərərli maddələrin (gübrə, xlorlu üzvi birləşmələr, alkaloidlər, qlükozidlər və xörək duzu) miqdarı müəyyən edilir. X NiR (İtaliya istehsalı) markalı yem analizatoru vasitəsilə yemlərin (silos, quru ot, yaşıl kütlə, soya şrotu, qarğıdalı dəni, buğda, arpa və s.) quru maddə, üzvi və qeyri-üzvi maddə tərkibini dəqiqliklə müəyyən etmək olur.