1.1.Su və quru maddə
Su - bütün yemlərin tərkib hissəsidir. Yemlərin
tərkibində miqdarı 5-95% arasında dəyişir. Suyun
miqdarı daha çox yaşıl yemdə, silosda, kökümeyvəli
və köküyumru yemlərdə olur. Yem çuğundurunun
tərkibində 86%, silosda 75-78%, yeni biçilmiş çəmən
otunda (yaşıl kütlə) 75%, qüvvəli yemlərin (dənli
bitkilər) tərkibində isə 13-14% su var. Su axıcı mühit
rolunu oynamaqla maddələr mübadiləsinin bütün
mərhələlərində iştirak edir. Heyvan orqanizmi
üçün lazım olan qida maddələri, o cümlədən
fermentlər suda həll olunmuş formada olur.
Su heyvan orqanizminə yemlərin tərkibində və su
içməklə daxil olur. Suya olan tələbatın hesablanma
nəticələrinə əsasən İBM və atlar üçün qəbul etdikləri
quru maddənin hər kq-na 4-5 l, donuz, qoyun və quşlar
üçün isə 2-3 l su düşməlidir. Su çatışmazlığı zamanı
heyvanlarda həzm prosesi çətinləşir, qanda qatılaşma
gedir, qida maddələrinin qan və limfa sisteminə
sorulması prosesi pozulur. Yemləmə səmərəsiz olur.
Cədvəl 1.
Heyvanların gündəlik su ehtiyacı (məhsuldarlıqdan asılı olaraq):
Sağmal inəklər | 45-90 l |
Kökəltmədə olan İBM | 20-60 l |
6 aylığadək IBM | 5-15 l |
Nəsil verən donuzlar | 10-25 l |
Kökəltmədə olan donuzlar | 6-10 l |
Qoyunlar | 1,5-4 l |
Atlar | 30-50 l |
Toyuqlar | 1/4-1/3 l |