Hörmətli oxucu, respublikada fəaliyyət göstərən fermer təsərrüfatlarında
heyvandarlığın inkişafını əsaslı surətdə yaxşılaşdırmaq məqsədilə onun intensiv
texnologiya əsasında inkişaf etdirilməsinə xüsusi diqqət verilir. Məlumdur ki,
bu məqsədə çatmaq üçün heyvanların normaya uyğun, tələb olunan səviyyədə
saxlanması, keyfiyyətli yemlə təmin edilməsi, heyvan saxlanan tövlələrin standartlara
cavab verməsinin qiymətləndirilməsi və nəzarəti tələb olunur.
Heyvandarlıq məhsulları əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatının
ödənilməsində mühüm rol oynayır. Bunun üçün südlük, ətlik, ətlik-südlük, südlük-ətlik
heyvan cinsləri, yumurtalıq, yumurtalıq-ətlik və ətlik quşlar və yunluq-ətlik qoyun
cinslərinin yetişdirilməsinə xüsusi diqqət ayrılır, bununla əhalinin ət-süd və yumurta
məhsullarına tələbatı ödənilir.
Kənd təsərrüfatı məhsullarının istehsal həcminin artırılması və eyni zamanda sağlam
qidalanma üçün heyvanlara düzgün qulluq və sanitar-gigiyenik qaydalara riayət
edilməsi, mal-qaranın vaxtında mayalanması olduqca vacib amillər hesab edilir.
Fermer təsərrüfatlarında ortaya çıxan problemlərdən biri də kənd təsərrüfatı
heyvanlarının və quşların infeksion xəstəliklərdən maksimum dərəcədə qorunmasını
təşkil etməkdir.
Bu məqsədlə yüksək keyfiyyətli diaqnostik preparatlar, müalicə və spesifik profilaktika
vasitələri hazırlanmalı və təsərrüfatlarda tətbiq edilməlidir.
Dərslikdə mühüm kənd təsərrüfatı heyvanlarında müşahidə olunan əsas xəstəliklər,
infeksiyalar və parazitlər, xəstəliklərin yaranma səbəbləri, yoluxma mənbələri,
xəstəliklərə qarşı profilaktik tədbirlər haqqında da ətraflı məlumatlar verilir.
Dərsliyin əhatə etdiyi mövzular elmin və qabaqcıl təcrübənin son nailiyyətlərini
özündə əks etdirir. Burada qida maddələrinin heyvan orqanizmində həzm olunması,
sorulması prosesləri, onlara təsir edən amillər, biosənaye və yeni texnoloji üsullardan
istifadə etməklə daha keyfiyyətli diaqnostik vasitələr, bir çox ölkələrin ən müasir
texnologiyasından və qabaqcıl təcrübələrdən istifadə edilir.
Kənd təsərrüfatında heyvandarlığın tarixən formalaşması həmin sahənin ardıcıl
və dinamik inkişafı ilə əlaqədardır. Heyvandarlığın inkişaf etdirilməsinin ən vacib
məsələləri məhsulun keyfiyyətinin yaxşılaşdırılması, heyvanların səmərəli saxlanması
və kənd təsərrüfatı müəssisələrinin daha da səmərəli fəaliyyət göstərməsidir.
Dərslikdə heyvandarlığın sahələrinə aid həm nəzəri, həm də təcrübi məlumatlar
qeyd edilmişdir ki, bu dərsliyin ilk peşə-ixtisas təhsili müəssisələrində dərs vəsaiti
kimi istifadə edilməsi əhəmiyyətlidir. Bununla yanaşı, heyvanların saxlanmasının
qiymətləndirilməsi, qabaqcıl təcrübənin və yeni metodların uğurla tətbiq edilməsi
üçün dərslikdə tövsiyələr də verilmişdir.