9.1 Yemləmə zamanı vitaminlərin rolu və
çatışmazlığı
Vitaminlər üzvi birləşmələr olub, hətta azacıq miqdarı belə olduqca yüksək bioloji aktivliyə malikdir. Həllolma baxımından A,D,E,K yağda həll olunan, B qrupu vitaminləri (B1,B2,B6,B12) həmçinin C vitamini panteton turşusu və s. suda həll olmayanlara aid edilir. Bütün vitaminlər (D3 istisna olmaqla) heyvan orqanizmində sintez olunmur, lakin qidanın tərkib hissəsi kimi hazır halda orqanizmə daxil olur. Gövşəyən heyvanlarda işkəmbədə B qrupu vitaminlərinin xeyli qismi mikroorqanizmlərin fəaliyyəti sayəsində sintez edilir. Odur ki, onların həzm yollarından absorbsiyası böyük əhəmiyyət kəsb edir. Vitaminlərin çoxu müxtəlif kimyəvi birləşmələri təmsil etsə də, struktur baxımından o qədər də seçilmir. Vitaminlərin çatışmazlıqları müxtəlif xəstəliklərə səbəb ola bilər. Məsələn: A vitamini çatışmazlığı döllənmənin aşağı düşməsi, embrion inkişafının pozulması, çoxalma orqanlarının iltihabı ilə nəticələnir. Skeletdə mineral çatışmazlığı, doğumdan sonra parezin olması D3 vitamininin çatışmazlığının əlamətləridir. Ürək və skelet əzələlərinin zədələnməsi, immun sisteminin zəifləməsi, dölvermə fəaliyyətinin pozulması, sonun ləngiməsi, süddə somatik hüceyrələrin sayının artması E vitamininin çatışmazlığı nəticəsində baş verə bilər. Vitaminlərin azlığı ilə yanaşı, onların çoxluğu da orqanizm üçün ziyanlıdır. Belə ki, D vitamini tələbatdan 10 qat artıq olduqda toksiki təsir göstərir, qan damarlarında və yumşaq toxumalarda kalsium toplanması (kirəcləşmə) təhlükəsi yaranır. |