Quşların pasterellyozu zamanı xəstəlik baş vermiş
quşlar təcrid edilməlidir.
Cari dezinfeksiya məqsədi ilə 5%-li kreolin, 2%-li natrium qələvisi və 20%-i sönmüş əhəng məhlulundan istifadə edilməlidir. 8.8 Qoyunların yoluxucu mastiti Qoyunların yoluxucu mastiti iti gedişli yoluxucu xəstəlikdir. Süd verən qoyunların yelininin qanqreni və ümumi vəziyyətinin ağırlaşması ilə xarakterizə olunur. Törədicisi. Bir neçə mikrob - stafilokoklar, pastrellalar tərəfindən törədilir. Epizotoloji məlumat. Südlük qoyunlar və südəmər quzular xəstələnirlər. İlk doğan analar daha həssasdırlar. Törədicinin mənbəyi olan ana qoyunlar patogen bakteriyaları südlə, quzular isə ağız və burun axıntısı ilə ifraz edirlər. Qoyunlar əmcək kanalı, bəzən yelinin zədələnmiş dərisi vasitəsilə, quzular isə mastitlə xəstə analarını əmərkən yoluxurlar. Xəstəlik mövsümlə əlaqəli ortaya çıxır, anaların laktasiya dövrünə təsadüf edir və quzuların doğulmasından 3-4 həftə sonra başlanır. Sonrakı aylarda (yayda) xəstəlik ən geniş yayılma səviyyəsinə çatır və südlük anaların 30%-ni əhatə edir. Xəstəlikdən sağalmış ana qoyunların orqanizmində törədici 10 ayadək qala bilir. Kliniki əlamətlər. İnkubasiya dövrü 10 saatdan 2 günədək davam edir. Xəstəlik iti, yarımiti, bəzən isə xroniki gedişli olur. İti gediş zamanı arıqlama, iştahanın itməsi, yüksək hərarət (41°C), nəbz və tənəffüsün tezləşməsi, rinit və konyunktivit, bir və ya iki tərəfli mastit qeyd olunur. Yelin şişir, isti və ağrılı olur. Xəstə qoyunlar yeriyərkən arxa ətraflarını geniş aralayır. Sonra yelinin xəstə payından boz, qatı, qan kütləsi ilə qarışıq axıntı xaric olunur. İltihab prosesi sürətlə qarına və döşün alt nahiyəsinə tərəf inkişaf edir. Yelinin dərisində toxumaların qanqrenoz parçalanmasının göstəricisi olan göy-bənövşəyi ləkələr əmələ gəlir. Heyvanların ölümü septikopiemiyadan xəstəliyin 2-6-cı günündə baş verir, ölüm 50-90%-dək olur. Yarımiti gedişli xəstəlikdə iltihabi proses zəif inkişaf edir. |