Pasterellanın ən çox inkişaf etdiyi orqan tənəffüs sistemi olduğu üçün aerogen yoluxma asan olur.
Törədicinin ixrac etdiyi toksin selik qişasından qana sorularaq orqan və toxumaların ümumi müqavimətini
zəiflədir. Pasterellalar və onların toksini qan damarlarına, limfa axarlarına düşüb bütün orqan və
toxumalara yayılır.
Yüksəkvirulentli pasterellalar orqanizmdə iti formalı gedişə malik olan pasterellyoz, zəifləri isə
orqanizmin rezistenliyi kifayət qədər güclü olduqda yüngülgedişli xəstəlik törədir.
Xəstəliyin gedişi və kliniki əlamətləri. İnkubasiya dövrü bir neçə saatdan bir neçə günə
qədərdir. Xəstəlik çox iti, yarımiti, xroniki gedişə malikdir.
İti gediş zamanı temperaturun yüksəlməsi, ümumi düşkünlük, nəbzin tezləşməsi, gövşəmə aktının pozulması,
mədə-bağırsaq sistemində hərəkətin zəifləməsi ilə əlaqədar olaraq defekasiyanın çətinləşməsi müşahidə
edilir. Nəcis kütləsində selik və qan nəzərə çarpır. 1-2 gündən sonra ürək fəaliyyətinin zəifliyi ilə
əlaqədar olaraq heyvan ölür. Bəzən xəstəliyin inkişafı uzanaraq yarımiti və xroniki gedişli olur. Bu zaman
dərialtı toxumada, ağız boşluğunda və udlağın selikli qişası altında şişlərin əmələ gəlməsi özünü göstərir.
Bəzən heyvanlarda fibrinozlu pnevmoniya əlamətləri aşkar edilir. Buna görə də xəstəliyin şiş, döş və
bağırsaq forması müşahidə edilir.
Xəstəliyin döş formasında heyvanlarda tənəffüsün çətinləşməsi, quru öskürək, burun yolundan köpüklü axıntı
nəzərə çarpır. Xəstəliyin sonunda qanlı ishal görünür və əksərən bir neçə günə ölüm baş verir. Xəstəliyin
şiş formasında heyvanın baş nahiyəsində, boyunda, sinə nahiyəsində, bəzən isə ətrafların dərialtı
toxumalarında şiş müşahidə edilir. Xəstəliyin bağırsaq formasında, əsasən, həzm sisteminin kəskin pozğunluğu
baş verir. Heyvanlarda iştahanın normal olmasına baxmayaraq, onlarda ümumi zəiflik və anemiya inkişaf edir.
Tənəffüsün çətinləşməsi və ürək fəaliyyətinin zəifləməsi nəticəsində heyvan tələf olur. Xroniki gediş zamanı
həzm və tənəffüs sisteminin funksiyası zəif dərəcədə pozulur, güclü ishal nəticəsində heyvanlarda arıqlıq
baş verir. Camışlarda da pasterellyozun gedişi qaramalda olduğu kimidir.
Qoyunlarda pasterellyoz zamanı temperaturun 41,5 0C-yə qədər yüksəlməsi, bəzən gövdənin ön tərəfində
dərialtı toxumalarda şiş, ağciyərdə fibrinozlu plevropnevmoniya müşahidə edilir. Xəstəliyin ikinci və üçüncü
günü ishal baş verir. İshaldan sonra bədən temperaturu 40,50C-yə qədər aşağı düşür. Görünən selikli qişaları
qızarır (hiperemiya). Burun boşluğundan irinli maye axır. Tənəffüs çətinləşir, öskürür, döş boşluğunu
əllədikdə ağrı hiss edir və narahat olur. Xəstəlik 2-3 gün davam edir və ölümlə nəticələnir. Xəstəliyin
yarımiti və xroniki gedişi zamanı qoyunlarda fibrinozlu plevropnevmoniya, rinit, keratit, oynaqların
iltihabı və arıqlıq baş verir.
Quzular arasında ölüm 1-2 gün müddətində baş verir. Donuzlarda çox iti və iti forma zamanı ümumi əlamətlərlə
yanaşı, faringit, çənəaltı sahənin şişi görünür. Şiş çox böyüdükdə asfiksiya (boğulma) nəticəsində 1-2 günə
tələfat baş verir. Bəzən heyvanlarda plevropnevmoniya simptomları inkişaf edir. Bu zaman boğulma, burundan
selikli- irinli və bəzən isə qanlı axıntı gəlir. Xəstəlik bir həftəyə qədər davam edir və ölümlə
nəticələnir. Çox iti gediş zamanı quşlarda heç bir kliniki əlamət görünmür, qəflətən ölüm baş verir.