Yaşlı heyvanlarda xəstəlik çox vaxt sporadik endometrit və mastit
formasında, yeni doğulmuş buzov və quzularda streptokoklu
septisemiya, çoşqalarda septisemiya, artritlər və
meningitlər, dayçalarda isə oynaq iltihabları və
göbək ciyəsinin iltihabı formasında rast gəlinir. Körpə
heyvanlar ilk günlərdən başlayaraq, 4-6 ayınadək
həssaslıq göstərirlər.
İnfeksiya törədicisinin mənbəyi xəstə heyvanlardır. Bakteriyadaşıyıcı heyvanlar xüsusilə təhlükəlidirlər: ana inəklər, qoyunlar və donuzların cinsiyyət yollarında və yelinlərində törədici lokalizasiya olunur və ətrafa asanlıqla yayılır. Yoluxma, əsasən, göbək ciyəsi vasitəsilə baş verir, bununla yanaşı, alimentar və aerogen yolla yoluxma da mümkündür. Kliniki əlamətlər. Xəstəlik bədən temperaturunun kəskin yüksəlməsi ilə başlayır. Heyvanlar ölgünləşirlər, yemdən imtina edirlər, uzanırlar, tənəffüs tezləşir. Göz və burundan eksudat axır, selikli qişalar qızarır və şişir. Çoşqa və dayçalarda artrit inkişaf edir. Yarımiti və xroniki gedişli xəstəlik zamanı tənəffüs və həzm orqanlarının fəaliyyəti pozula bilər. Patoloji-anatomik dəyişikliklər. Sepsis əlamətləri müşahidə olunur. Donuzlarda qan durulaşır, hemoliz əlamətləri müşahidə edilir. Selikli qişalarda və daxili orqanlarda qan sağıntıları tapılır. Dalaq xeyli şişkinləşir, rezinə oxşayır, kəsiş xətti quru görünür, proses uzandıqda müxtəlif daxili orqanlarda septiki proses inkişaf edir. Diaqnoz. Epizotoloji və kliniki məlumatlara, patolojianatomik dəyişikliklərə və bakterioloji müayinənin nəticələrinə əsasən qoyulur. Müalicə. Spesifik və mikrobəleyhinə preparatlardan təyinatı üzrə istifadə olunur: Hiperimmun serum, antibiotiklər və sulfanilamid preparatları. Simptomatik müalicə də tələb olunur və ürəyin, ağciyərlərin və mədə-bağırsağın işini normallaşdırmağa yönəldilir. Orqanizmin ümumi rezistentliyini yüksəltmək üçün antitoksik vasitələr və preparatlar (qlükoza, vitaminlər və s.) tətbiq olunur. Profilaktika və mübarizə tədbirləri. Heyvanların bəslənməsi və yemlənməsi işlərində baytar-sanitar tədbirlərinə əməl olunması, xüsusilə də doğuşlar zamanı gigiyena qaydalarının gözlənməsi profilaktikanın əsasını təşkil edir. |