Həmçinin dəri epidermisinin tüksüz hissələridədə
yoluxmalar müşahidə olunur. Xəstəlik tsiklik keçməklə
iki fazadan ibarət olan infeksion proses halında baş
verir. Zədələnmiş selikli qişadan keçdikdən 14-16 saat
sonra həmin yerlərdə ilkin aftalar əmələ gəlir. Belə
aftalar burun aynasında, dırnaqarası yarıqlarda və
süd vəzisinin əmcəklərinin dərisində yarana bilər.
İlkin aftalar mərhələsində heyvanın ümumi halı
adətən normal olur, bədən temperaturunda və digər
fizioloji göstəricilərdə nəzərəçarpacaq dəyişikliklər
qeyd olunmur. İkinci faza virusun qana keçməsi
və onun bütün orqan və toxumalara yayılması
nəticəsində başlayır. Yoluxmadan 48-72 saat sonra
qızdırma fonunda virusa həssas toxumalarda ikincili
aftalar əmələ gəlir. İnfeksiyanın generallaşması
2-4 gün davam edir, bədən temperaturunun kəskin
yüksəlməsi ilə qeyd olunur və virusun titrinin qanda
azalması fonunda tədricən sönür, ikincili aftaların
sağalması ilə başa çatır. Cavan heyvanlarda virus
bütün orqanlarda yayılır, aftalar inkişaf edə bilmir,
dabaq prosesi septiki xarakter daşıyır.
İmmunitet. Virusun müəyyən tipi ilə xəstələnib sağalan heyvanlarda həmin tipə qarşı uzunmüddətli (10 ilə qədər) və gərgin immunitet əmələ gəlir, lakin belə heyvanlar dabağın digər tipləri ilə yoluxa bilərlər. Heyvanların fəal peyvəndi üçün mono və polivalent vaksinlərdən istifadə olunur. Kliniki əlamətləri. İnkubasiya müddəti 1-7 gündür, xəstəliyin ilkin əlamətləri bunlardır: iştaha və südverimi azalır, gövşəmə pozulur, bədən temperaturu yüksəlir, ağız boşluğunun selikli qişası qızarır, dırnaq ətrafında və dırnaqarası nahiyədə şişkinlik başlayır. Bir müddət sonra ağız boşluğunda və yelində aftalar əmələ gəlir, aftaların yerində qanı axan eroziyalar inkişaf edir. Heyvanlar yemdən imtina edirlər, sürətlə arıqlayırlar. Yaralar çox vaxt ikinci mikroflora ilə yoluxur. Yelində əmcəklər şişdikdə süd sağımı çətinləşir və mastit inkişaf edə bilər. Cavan heyvanlarda bəzən xəstəliyin ildırımvari formasına rast gəlinir, bu halda ölüm xəstəliyin ikinci həftəsi ərzində baş verir. Ölüm 70-100% təşkil edir. Qoyunlarda xəstəlik nisbətən yüngül keçir, aftalar kiçik olur və tez sağalır. Boğaz heyvanlarda balasalma müşahidə oluna bilər. |