Düyüncüklərin tipik forması asanlıqla müəyyən olunur. Atipik və
sporadik halları aşkar etmək çətindir. Belə hallarda
virusu ayırıb indentifikasiya etmək lazımdır. Kliniki
diaqnozu epizotoloji məlumatlar və simptomatik
xüsusiyyətlər əsasında qoymaq olur. Nodulyar
dermatitin xarakterik əlamətləri düyüncüklərin
orqanların seroz və selikli qişasında əmələ gəlməsi,
səthi limfa vəzilərinin reaksiyası ilə səciyyələnir.
Yekun diaqnoz laboratoriya müayinələri nəticəsində
qoyulur. Profilaktika və mübarizə tədbirləri. Spesifik mübarizə tədbirləri işlənib hazırlanmamışdır. Xəstələnmiş heyvanların 90%-i sağalır. Heyvanlar üçün yaxşı saxlanma və yemləmə şəraiti yaradılmalıdır. Dezinfeksiya maddələri ilə, duş qurğuları vasitəsi ilə heyvanları çimizdirmək lazımdır. Xəstəlikdən sağalmış heyvanlarda yenidən yoluxmaya qarşı güclü immunitet yaranır. 8.2 Dabaq xəstəliyi Qaramal, davarlar, donuzlar, marallar həssasdırlar. Camış və dəvələr az həssasdırlar. Xəstəlik nadir hallarda itlərdə, pişiklərdə, dovşanlarda, kirpilərdə və kiçik gəmiricilərdə rast gəlinir. İnsanlar xəstə heyvanlardan yoluxa bilərlər. Cavan heyvanlar yaşlılara nisbətən daha həssasdırlar və xəstəlik onlarda daha ağır keçir. Törədicinin mənbəyi xəstə və xəstəlikdən sağalmış heyvanlardır. Onlar ağız suyu, süd, sidik və kal vasitəsilə ətrafa yayılır. Virus bu heyvanlarda xəstəliyin klinik əlamətlərinin inkişafından əvvəl və ya xəstəlikdən sağaldıqdan sonra da xaric olunur. Quşlar bu virusla yoluxmurlar, lakin onları asanlıqla uzaq məsafələrə yaya bilirlər. Yoluxma adətən alimentar, aerogen və kontakt yollarla baş verir. Xəstəliyin baş verməsində mövsümilik yoxdur, o, daha çox iqtisadi-təsərrüfat beynəlxalq əlaqələrdən, heyvandarlıq mədəniyyətinin səviyyəsindən, baytarlıq-sanitariya tədbirlərinin yerinə yetirilməsi dərəcəsindən asılıdır. Dabağın kütləvi hal alması epizootiya, bəzən isə, hətta panzootiya səviyyəsində baş verə bilər. Patogenez. Dabaq virusunun toxuması çoxqatlı epiteli ilə örtülən selikli qişalar hesab olunur. |