8.1 Nodulyar dermatit virus xəstəliyi
İribuynuzlu heyvanların nodulyar dermatiti (latınca "dermatitis nodularis bovum", ingilis dilində isə "limpy skin disease" adlandırılır) virus mənşəli olmaqla qısa müddətli isitmə, dəri örtüyünün, limfa sisteminin, selikli qişanın zədələnməsi, dərialtı toxumalarda düyünlərin və nekrozların əmələ gəlməsi ilə səciyyələnir. Epizotoloji məlumatlar. Təbii şəraitdə nodulyar dermatitə iribuynuzlu heyvanlar, xüsusən də cinsi yaxşılaşmış heyvanlar və zebular həssasdırlar. Xəstəliyin əsas mənbəyi xəstə heyvanlar və virus daşıyıcılarıdır. Xəstəliyin baş verdiyi ilk dövrlərdə naxırın 5-50%-i, ayrı-ayrı hallarda isə 75-100 %-i virusa yoluxa bilər. İnfeksiya əsas etibarı ilə qansoran həşəratlar - ağcaqanadlar, milçəklər tərəfindən mexaniki yolla yayılır. Patogenezin lazımi səviyyədə öyrənilməməsinin səbəbi eksperimental şəraitdə tipik kliniki əlamətlərin çox vaxt müşahidə olunmaması ilə izah edilir. İribuynuzlu heyvanlar viruslu materialla dərialtı yolla yoluxduqda 4-7 gündən sonra həmin nahiyənin mərkəzində düyüncüklər olmaqla ətrafında 20 sm-ə qədər iltihabi proses gedir. İltihabi proses dəri, dərialtı nahiyəni, bəzi hallarda əzələ toxumasını da əhatə edir. Yoluxmanın 7-19-cu günü 48 saat ərzində isitmə, sonra isə generalizasiya prosesi müşahidə edilir. Qanda virus 3-4 gündən sonra temperaturun qalxması və düyüncüklərin əmələgəlməsi nəticəsində özünü büruzə verir. Həmin dövrdə virus qanla ağız boşluğuna, buruna, gözə, cinsiyyət yolunun selikli qişasına, tüpürcəyə, süd vəzilərinə, xayalara sirayət edir. Düyüncüklərin əmələgəlməsi dərinin epitelial hüceyrələrinin hiperplaziyası ilə müşayiət olunur. Dərinin derma hissəsinin şişkinliyi, damarların trombozu nəticəsində ətraf toxumalar nekrozlaşır. İltihab prosesi limfa vəzilərini əhatə edir, lakin həmin prosesin mexanizmi axıra qədər öyrənilməmişdir. Limfa vəzilərinin, damarların iltihabı, xoralı yaraların əmələ gəlməsi, septik mürəkkəbləşmələr isə infeksiyanın nəticəsində baş verir. |