Digər bir məqam heyvanları məcburi gəzinti ilə təmin etməkdir. Gəzinti gün ərzində
2-4 saata qədər davam etdirilə bilər. Bu zaman gəzinti meydançasında elektromexaniki
monorelsi (zəncirli və troslu) quraşdırmaq lazımdır. Zəncirli və ya troslu transportyorlar
yerdən 2-2,5 m hündürlükdə bərkidilməlidir. Buğalar zəncirin köməyi ilə qarmağa
bağlanılır. Elektromühərrikin köməyi ilə monorels işə salınır və törədici buğalar
məcburi hərəkət edir.
Heyvandarlıqda məhsul istehsalının artırılması üçün istifadə olunan ən müasir
üsullardan biri də embrion köçürməsi hesab olunur. Bu üsul kənd təsərrüfatı
heyvanlarının yetişdirilməsinin intensivləşdirilməsi üsullarından biridir. Bu üsul
heyvanlardan alınan yeni nəslin baş sayının sürətlə artmasına imkan yaradır.
Embrion köçürmə dedikdə donor heyvanların cinsiyyət üzvlərindən rüşeymin
resipiyent-heyvanların cinsiyyət üzvlərinə köçürülməsi başa düşülməlidir. Bu zaman
resipiyentlərin orqanizmində rüşeymin və daha sonra dölün inkişafı müşayiət olunan
normal boğazlıq baş verir.
Donor yüksək damazlıq və məhsuldarlıq keyfiyyətinə malik heyvan olmalıdır. Bu
heyvanda hormonal yolla poliovulyasiya törətdikdən sonra o, yüksək məhsuldar
törədicinin sperması ilə mayalandırılır və bir neçə rüşeym alınır. Donor kimi elə
heyvanlar seçilir ki, onlar çoxsaylı ovulyasiya qabiliyyətinə malik olmaqla, uzun
müddət ərzində transplantasiya üçün yararlı rüşeymlər verə bilsinlər. Bu məqsədlə
doğum zamanı və doğumdan sonrakı dövrdə heç bir patologiya ilə üzləşməmiş 4-5
yaşında olan, sağlam, süd vəziləri yaxşı inkişaf etmiş inəklərdən istifadə edirlər. Bu
cür tədbirlərin aparılması onu deməyə əsas verir ki, süni mayalandırma və rüşeymin
köçürülməsi (transplantasiya) kənd təsərrüfatı heyvanlarının törəyib artırılmasına
xidmət edən əsas zootexniki üsullardır. Bu üsullar heyvandarlığın intensiv istifadə
edilməsi məqsədi ilə cins tərkibinin yaxşılaşdırılması və məhsuldarlıq keyfiyyətlərinin
yüksəldilməsi üçün aparılır.
Heyvandarlığın intensiv inkişaf etdirilməsi daha çox məhsul əldə etməyə imkan
yaradır. Bu zaman təsərrüfatların keyfiyyətli yemlə təminatı əsas şərtdir. Yalnız bol
yem bazası təşkil etməklə daha çox məhsul əldə etmək olar.
|
Sərbəst iş üçün tapşırıqlar
|
1. Yeni cinslərin alınmasında süni mayalanmanın rolunu qeyd edin.
2. Süni mayalanmadan istifadə zamanı qısırlığın aradan götürülməsinə diqqət yetirin.
3. Süni mayalanmada toxumun keyfiyyətinə təsir edən amilləri müəyyənləşdirin.
4. Heyvandarlıqda məhsul istehsalının artırılmasında embrion köçürmənin dünyada
geniş yayılması və rolu barədə məlumat verin.
5. Törədici buğanın yem payının düzgün verilməsinə diqqət yetirin.