Keçilərin yetişdirilməsi dünyada əhəmiyyətli rol
oynayır. Dünyada keçilərin sürü tərkibi son 50 ildə 300
milyondan 780 milyon başa çatmışdır. Yüksək yaşayış
standartına malik olan ölkələrdə, xüsusilə Avropada
və Şimali Amerikada keçilərin sayı azalmışdır. Demək
olar ki, dünyada saxlanılan keçilərin 90 %-i halhazırda
Asiyada və Afrikada saxlanır. Çində keçilərin
sayı daha çox olub, 181 milyon başa bərabərdir.
Monqolustanda hər adam başına 3 baş keçi düşür. Südlük keçilərin böyük hissəsi kiçik təsərrüfatlarda saxlanır və şəxsi təsərrüfatlarda bu heyvanlardan daha çox pendir məhsulu əldə olunur. Südlük keçilər iki istehsal istiqamətində yetişdirilir: • Pendir istehsalı üçün; • Süd məhsulunun əldə olunması üçün. Bəzi Avropa ölkələrində keçi ətindən az istifadə edilir. Lakin əksər ölkələrdə südlük keçi saxlanması ilə yanaşı, keçi əti istehsalı da həyata keçirilir. Keçilərin saxlanmasında və bəslənməsində vacib olan odur ki, keçilər sağlam və yüksək məhsulvermə qabiliyyətli olsun. Azərbaycanda keçilərin saxlanması qışda tövlədə, yayda isə açıq şəraitdə, yəni örüşdə təşkil olunur. Lakin bunun əksinə olaraq, Almaniyada keçilərin saxlanması, əsasən, tövlə şəraitində aparılır. Xüsusilə tövlədə saxlanma zamanı tövlənin şəraiti normativlərə uyğun, məqsədyönlü şəkildə qurulmalıdır ki, keçilər özlərini yaxşı hiss etsinlər. Bununla yanaşı, işçilərin də əlverişli iş şəraitinə görə tələblərinə diqqət yetirilməlidir. Fəaliyyətin planlaşdırılma mərhələsində heyvanların sürüdə nəzərdə tutulmuş sayı, saxlanma forması, örüşdən istifadə, yemləmə və sağım üsulu müəyyən edilir. Daha sonra mövcud tövlənin heyvanları saxlamağa imkan verməsini (cədvəl 4) nəzərdən keçirmək lazımdır. Tövlədə rütubətli və isti havanın toplanmasının qarşısı mütləq alınmalıdır. |