zərifyunlu Azərbaycan dağ merinosu cinsindən ibarət qoyunların artırılması daha
məqsədəuyğundur. Çünki bu sahə sovet dövründə daha geniş inkişaf etdirilmişdir. Bu
bölgədə əsas məqsəd yüksək yun məhsuldarlığına, uzun-zərif yuna, kifayət qədər diri
çəkiyə malik və köçəri qoyunçuluq şəraitinə yaxşı uyğunlaşan yunluq-ətlik istiqamətli
qoyunların yetişdirilməsidir.
Qoyunçuluqda sürünün geniş təkrar istehsalı məsələləri böyük iqtisadi əhəmiyyətə
malikdir. Sürülərin artırılması və tərkibinin yaxşılaşdırılması üçün süni mayalanma
üsulunun tətbiqi günün vacib məsələlərindən biridir. Bu mütərəqqi üsul yaxşı
keyfiyyətli törədicilərin toxumunun alınması, saxlanması və istifadə olunmasının
bir sıra texniki üsullarının tətbiq olunmasına əsaslanır. Bu üsulların tətbiq olunması
qoyunların cins tərkibini (keyfiyyətini) yaxşılaşdırır. Yüksək məhsuldar törədicilərdən
daha səmərəli istifadə etməyə imkan verir. Bununla yanaşı, süni mayalanma yoluxucu
(infeksion) xəstəliklərin yayılmasının qarşısını alır, ana qoyunların qısırlıq faizini
azaldır.
Qoyunların mayalanma müddəti mühüm amildir və bu dövrdə ana qoyunların kütləvi
surətdə həvəsə gəlmələrini uyğunlaşdırır. Eyni zamanda süni mayalanma ilə yanaşı,
qoyunçuluğu inkişaf etdirmək üçün heyvanların yemlənməsini, bəslənməsini,
saxlanmasını daha yaxşı təşkil etmək mühüm şərtdir.
Bundan başqa, qoyunçuluqda seleksiya-seçmə üsulundan da geniş istifadə etmək
lazımdır. Sürülərdə qoca, az məhsuldar, anormal eksteryer quruluşuna malik
qoyunlar olmamalıdır. Çıxdaş edilərək ətliyə verilməlidir. Ana qoyun və şişəklərin
mayalanmasını yaxşı təşkil etmək, bu zaman qoyunların zootexniki qaydada
yemlənməsinə (otarılmasına) daha yaxşı fikir vermək lazımdır ki, mayalanmış qoyunlar
təkrarən mayalandırılmasınlar və qısırlıq hallarına yol verilməsin. Bunun üçün
təcrübəli zoobaytar mütəxəssisləri qoyunçuluqda damazlıq seleksiya işlərinin düzgün
aparılmasında fəal iştirak etməlidirlər. Dövlət və kəndli-fermer təsərrüfatlarında
sürülər yaş qrupları üzrə təşkil olunmalıdır.
2.2.1 Qoyunların sinifləşdirilməsi
Cinsindən, damazlıq keyfiyyətindən və istifadəsindən asılı olaraq qoyunlar
təmizqanlılar və mələzlər; damazlıq və istifadəlik qruplarına ayrılır:
Təmizqanlı qoyunlar hər hansı müəyyən bir cinsə xas olan eksteryer və məhsuldarlığa
malik olmalıdır. Bunlara:
- Damazlıq kitaba təmizqanlı kimi yazılmış və eyni cinsə aid valideynlərdən əmələ
gələn;
- Eyni cinsə mənsub olan valideynlərdən əmələ gələn və təmizqanlı olması sənədlərlə
təsdiq olunan (damazlıq şəhadətnaməsi) və damazlıq vərəqəsi;
- Müxtəlif, lakin bir-birinə yaxın olan cinslərə mənsub olan valideynlərdən (məsələn,
Azərbaycan dağ merinosu və Askanya merinosu) əmələ gələn qoyunlar aiddir.
Təmizqanlılara qan doyurma çarpazlaşdırma növündən alınan heyvanlar da aid
edilə bilər, bu şərtlə ki, onlar yaxşılaşdırıcı cinsin birinci sinfinin tələbini ödəsinlər.
Mələz heyvanlara təmizqanlı heyvanlara aid tələbləri ödəməyən və müxtəlif cinslərin çarpazlaşdırılmasından alınan heyvanlar daxildir.