3.4
Qida maddələrinin heyvan bədənində həzm edilməsi
Yemlərin mürəkkəb karbohidrat, zülal və yağ molekullarının heyvan bağırsaqlarının divarı vasitəsilə qan və
limfaya sorula bilən sadə maddələrə parçalanması həzm prosesi adlanır.
Həzm orqanları həzm sistemi borusu və həzm sistemi vəzlərindən ibarətdir. Həzm sistemi borusunu ağız
boşluğu, qida borusu, mədə və bağırsaqlar əmələ gətirir. Həzm sistemi vəzləri üç cüt tüpürcək vəzindən,
qaraciyər və mədəaltı vəzlərdən ibarətdir.
Mineral maddələr və vitaminlər orqanizm üçün çətin mənimsənilə bilən formadan asan mənimsənilən formaya
çevrilir. Yemin orqanizm tərəfindən sorula bilməyən hissəsi peyin formasında ifraz olunur.
Qida maddələrinin parçalanması prosesinin önündə onların mexaniki emalı, çeynənilərək ağız suyu şirəsi ilə
qarışdırılması gedir. Həzm prosesi ağız boşluğunda ağız suyu şirəsinin və yemin tərkibində olan fermentlərin
təsiri ilə gedir. Fermentlər maddələr mübadiləsi prosesini gücləndirir, ancaq özləri kimyəvi birləşmələrin
tərkibinə daxil olmur.
Gövşəyən heyvanların bitki mənşəli (o cümlədən tərkibində çoxlu miqdarda çətin həzməgedən sellüloza olan
qaba yemlər) yemlərdən istifadə etməsi işkənbə, tor, kitabça və qursaqdan ibarət olan çoxkameralı
mədələrinin bioloji xüsusiyyətinə əsaslanır. Birkameralı mədələrdə həzm prosesi 0,3-0,4%-li HCL turşusu,
pepsin fermenti və selikli maddə mutsindən ibarət olan mədə şirəsinin təsiri ilə gedir.
Mədədə yaxşı qarışdırılmış və müəyyən qədər həzm olunmuş yem kütləsi (ximus) onikibarmaq bağırsağa keçir.
Burada öd, mədəaltı vəzi şirəsi və nazik bağırsağın bütün səthi boyunca yerləşən xırda selikli qişa
vəzlərinin ifraz etdiyi şirənin təsirinə məruz qalır.