Giriş
Hörmətli oxucu!
Məlumdur ki, bitkilərin böyüməsi, inkişafı və yüksək məhsul verməsi onların normal qidalanmasından asılıdır. Bitkilərin qida maddələri ilə təmin olunmasında gübrələrin rolu böyükdür. Gübrələr torpağın münbitliyinin artırılmasında, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsində və məhsulun keyfiyyətinin yaxşılaşmasında xüsusi əhəmiyyətə malikdir.
"Gübrələr və onlardan istifadə" modulunda gübrələrin əhəmiyyəti, onların növləri, istifadə qaydası, gübrələrin torpağın münbitliyinə, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığına və məhsulun keyfiyyətinə təsiri, məhsuldarlıq və gübrə arasında əlaqə və s. məsələlər ətraflı şərh edilmiş və hər bir mövzuya uyğun praktik tapşırıqlar verilmişdir.
Əziz şagirdlər! Siz bu modulda tədris olunan mövzuları mənimsəməklə kənd təsərrüfatında istifadə olunan gübrələri tanıyacaqsınız, gübrələrdən istifadə qaydalarını mənimsəyəcəksiniz, yeni gübrələr və müasir gübrələmə sistemi haqqında məlumat əldə edəcəksiniz, bitkilərin qida maddələrinə olan tələbatının öyrənilməsi və gübrə normalarının hesablanması kimi praktik vərdişlərə yiyələnəcəksiniz. Siz qeyd olunan bilik və bacarıqlara yiyələnməklə, gələcəkdə ixtisaslı kadr kimi aqrar sahədə peşə fəaliyyətini uğurla davam etdirə biləcəksiniz.