Rizobium (bakteriya). Paxlalı bitkilərin köklərinin daxilində və ətrafında yaşayır, atmosfer azotunu toplayır. Azosprillium (bakteriya) torpaqda sərbəst yayılır və ya bitki kökləri ilə birləşir. Pseudomonas (bakteriya) - dəyişilmiş bakteriyalar dəstəsi, ölmüş və çürüyən köklərin müxtəlif birləşmələrini istifadə edə bilir, fosforun həll olunmasında, mənimsənilən formaya çevrilməsində müxtəlif funksiyaları var. Mikorhizae - kökün və göbələyin birləşməsi bitkinin kökündə yayılır, bitkilərin su və qida maddəsi toplamasına yardım edir, torpaq strukturunu yaxşılaşdırır.
Hazırda qeyd olunan preparatlar F-500, Master, Nanomiks, Fertiqrain və s. adlı müasir biopreparatların tərkibində var.
Mikrob gübrələri başlıca olaraq, üzvi materialdan, şəkər və nişastanın mikroorqanizm növləri ilə birlikdə fermentləşdirilmiş bir neçə mənbəyindən ibarətdir. Mikrob gübrəsinin məhsulu canlı mikroorqanizmlərdən ibarətdir və ehtiyatla tətbiq edilməlidir. Onlar istifadə müddəti keçdikdən sonra istifadə edilməməlidir, belə ki, orqanizmlər ölmüş ola bilər. Mikroorqanizmlərin istifadəsi üzrə tədqiqatlar aparılmasına və onların müsbət səmərə verdiyinin sübut edilməsinə baxmayaraq, belə məhsullarla bağlı təcrübələr hələ azdır. Müəyyən məhsulun səmərəsini bilmək üçün tövsiyə edilir ki, o, kiçik miqyasda yoxlansın və nəzarət sahəsi ilə müqayisə edilsin.
Bakterial gübrələr suvarma suyuna qatılır və ya bitkilərin üzərinə çilənir (şəkil 4.14). Əksər bakterial gübrələr maye halda olur və onlar az normalarla suya qatılır (2-3 çay qaşığı bakterial gübrə 10 litr suya).
Şəkil 4.14. Bakterial maye gübrələr