Hər kartof yuvasına 1-2 litr, hər çiyələk yuvasına 100-200 ml biohumus tökmək lazımdır. Çox illik əkmələr də, xüsusilə də alma, armud, gavalı, gilənar və başqa meyvə ağacları əkilən çalaya 4 litr biohumus tökülür.
Vegetasiya dövründə bitkini qidalandırmaq üçün ayda bir dəfə bitkinin gövdə ətrafına, yaxud hər m2 yerə 1 litr biohumus töküb torpağa qarışdırmaq və suvarmaq tövsiyə olunur. Biohumus bitkiyə peyindən daha tez təsir göstərir.
4.8. Bakterial gübrələr
Torpaq münbitliyini və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını artırmaq üçün torpaq mikroorqanizmlərinin böyük əhəmiyyəti var.
V.R.Vilyams torpaq mikroorqanizmlərini əkinçiliyin canlı "maşını" adlandırmışdır. Torpaqda gedən bir çox mühüm proseslər, torpaq strukturunu yaradan çürüntünün əmələ gəlməsi, üzvi maddələrin minerallaşması və bitkinin asan mənimsənilən qida maddələri ilə təmin olunması prosesləri mikroorqanizmlərin həyat fəaliyyəti ilə sıx əlaqədardır. Başqa gübrələr kimi bakterial gübrələr də bitkilərin qidalanmasını yaxşılaşdırmaq məqsədilə torpağa verilir. Ancaq bu gübrələrin arasında müəyyən fərq var. Məsələn, sənaye gübrələrinin tərkibində mənimsənilə bilən şəkildə müəyyən qida maddəsi olur. Bakterial gübrədə isə hazır qida maddəsi yoxdur. Bu gübrələrin tərkibində canlı orqanizmlər var ki, onlar torpaqda olan qida maddələrini bitkilər üçün mənimsənilən hala salır. Ən çox yayılmış ənənəvi bakterial gübrələr nitragin və azotobakterin hesab olunur. Nitraginin tərkibində fır bakteriyaları, azotobakterinin tərkibində isə torpaqda sərbəst yaşayan və hava azotunu mənimsəyən bakteriyalar var. Nitragin bakterial gübrə olub, tərkibində havanın sərbəst azotunu mənimsəyən fır bakteriyaları var. Fır bakteriyaları torpaqda yaşayır. O, kökün əmici telləri vasitəsilə hüceyrələrə daxil olur və orada selikli liflər-tellər əmələ gətirir. Bu bakteriyaların yoluxduğu hüceyrələr şiddətli artma nəticəsində çoxlu yeni hüceyrələr - fırlar əmələ gətirir. Bakteriyalar kökə daxil olandan bir az sonra, gübrənin səpinindən təxminən 9-20 gün sonra havanın azotunu mənimsəmayə başlayır. Bakteriyalar qidalanmaq üçün bitkidə olan karbohidratlardan və başqa maddələrdən istifadə edir.
Nitragin xüsusi laboratoriyalarda hazırlana bilər. Fır bakteriyaları 0,5 litrlik butulkalarda çoxaldılır. Zavodda hazırlanan nitraginin bir qramında 700-800 mln. fır bakteriyası olur. Bir butulka olan fır bakteriyaları bir hektara kifayət edir. Nitragin butulkada 9-ay saxlanıla bilər. Nitragin torpağa paxlalı bitkinin toxumu ilə birlikdə verilir.
Fır bakteriyası olan köklər toplanır, torpaqdan təmizlənir, qurudulur və xırdalanır. Çoxillik paxlalı otların kökləri 2-ci və 3-cü ili, birilliklərdə isə biçindən sonra toplanılır. Belə ki, köklər yuyulub kölgədə 20-25 °C temperaturda qurudulub üyüdülür və 1 mm-lik ələkdən keçirilir. Çürümə prosesinin gücləndirilməsi və qida maddələrinin bitkilər üçün mənimsənilən hala salınması məqsədilə torpağa mikrorqanizmlərin verilməsi əhəmiyyətlidir. Mikroorqanizmlər bitkilərin mühafizəsi və gübrələnməsi üçün istifadəyə hazır məhsul kimi, adətən, satılır. Hazırda əkinçilikdə tərkibində aşağıdakı bakteriyalar olan biopreparatlar tətbiq olunur: