Biohumus bitki tərəfindən tədricən mənimsənilir və torpağa erkən yazdan başlayaraq payızın axırına qədər verilir. Onun təsir gücü torpaqda 4-7 il qalır və məhsuldarlığa təsirinə görə çürümüş peyindən üstündür. Biohumusun tərkibi fosfor, kalium, maqnezium və kükürdlə çox zəngindir. Ona görə ondan mineral gübrə əvəz edicisi kimi də istifadə olunur. Biohumus məhsulda nitratları azaldır, bioloji təmizliyinə görə fərqlənir. İstifadə olunduqda torpağı çirkləndirmir və bitki xəstəliyə yoluxmur.
Biohumusun rəngi tünd qəhvəyi olub, qoxusu yoxdur. Təzə istehsal olunmuş biohumusu otaq temperaturunda saxladıqda nəmliyi 50-60% hüdudunda olur. Biohumusun məhlulunda pH 7 təşkil edir. Biohumusun tərkibində karbonun azota nisbəti C:N= 13 təşkil edir.
Cədvəl 4.3
Biohumusun tərkibi
Qida elementlərinin adı | %-lə miqdarı |
Ümumi humus | 16 % |
Humusa yaxın tərkibli quru üzvi maddə | 41 |
Ümumi azot (N) | 3,2 |
Ümumi fosfor (P) | 2,6 |
Ümumi kalium (K) | 2 |
Kalsium (Ca) | 4,3 |
Maqnezium (Mg) | 0,6 |
Dəmir (Fe) | 0,45 |
Mis (Cu) | 0,5 |
Manqan (Mn) | 60 mq/kq |
Sink (Zn) | 22 mq/kq |
Quş zılı ilə biohumusun 5/1 nisbəti ənənəvi mineral gübrələrə nisbətən bitkiyə daha güclü təsir göstərir.
Tərəvəz şitili yetişdiriləndə 1 hissə biohumus 4-5 hissə torpaqla qarışdırılır. Qaydaya görə səbzə tərəvəz yetişdirilən hər m2 - ə 1 litr biohumus töküb torpağa qarışdırmaq tələb olunur. Toxum isə su çiləndikdən sonra səpilir. Cərgəarası becərilən bitkilər, xüsusilə də tərəvəz bitkiləri (pomidor, xiyar, bibər və s.) yetişdirildikdə hər yuvaya 200-250 ml biohumus tökülür, torpağa qarışdırılır, su çilənir və sonra şitil basdırılır.
Biohumus bitkilərə yarpaqdan da çilənir. Bunun üçün 250 qram (1 stəkan) biohumus 10 litr suya tökülür və 1 sutka saxlanılır. Hazır biohumus çayı (qəhvəyi rəngli) bitkilərə çilənir (şəkil 4.13).