Onlar tullantılarda olan üzvi maddələrlə qidalanır və həmin maddələri bioloji canlı kütləyə və humus tərkibli çürüntüyə çevirirlər.
Adi halda üzvi tullantılar 3-4 aya yetişir. Bu proses uzun müddət davam etdiyi üçün itki çox olur və nəticədə, keyfiyyətsiz üzvi gübrə alınır. Soxulcanlar isə tullantıları iki dəfə tez emal edir. Adi halda 1 ton üzvi tullantıdan 50-60 kq humus (üzvi qalıqların parçalanması ilə yaranan mürəkkəb üzvi birləşmələr kompleksi və ya çürüntü maddəsi) əmələ gəlir. Bir hektar torpaqda ən azı 500-600 kq humus əmələ gəlməsi üçün torpağa 10-12 ton üzvi tullantı vermək lazım gəlir. Soxulcanlardan istifadə etdikdə isə nisbət tamamilə dəyişir və bir ton üzvi tullantıdan 600-700 kq humus alınır. Soxulcanların hər biri sutkada öz çəkisi qədər -1 qr üzvi tullantını öz bağırsaqlarından keçirir. Alınan ifrazat bioloji humus adlanır. Biohumus istehsal edən soxulcanlar, əsasən, kompostla qidalanır. Kompost torpağa verildikdə, onun parçalanması və bitki mənimsənilən hala keçməsi üçün bir neçə ay lazımdır. Lakin soxulcanlar kompostla qidalanaraq qısa müddətdə onu biohumusa çevirirlər (şəkil 4.12).
Biohumus ən müasir, natural üzvi gübrədir. Tərkibi mikroelemetlərdən, antibiotiklərdən, vitaminlərdən və hormonlardan ibarətdir. Biohumus, həm də mikrobioloji gübrədir, tərkibi torpağı münbitləşdirən mikroorqanizmlərlə zəngindir. Tərkibində humin maddələri də var. Biohumusda xəstəlik törədiciləri, helmintlər (qurdlar), alaq otları toxumları, milçək süfrələri olmur.