Qıcqırma müddətində 1-2 gündən bir gübrə qarışdırılır və qarışdırılan zaman cövhərin üzərində köpük yaranmırsa, bu, gübrənin istifadəyə hazır olduğunu göstərir (şəkil 4.9)
4.6. Yaşıl gübrələr
Paxlalı bitkilərin və ya digər ot bitkilərinin torpağa azot və üzvi maddələr verən yaşıl hissəsi yaşıl gübrə (siderat) adlanır. Bitki kütləsi torpağa qarışdırıldıqda, onu azotdan başqa digər qida maddələri ilə də zənginləşdirir.
Yaşıl gübrə kimi gülül, at paxlası, noxud, lərgə, lupin, maş lobyası və s. əkilməsi məsləhət görülür. Rayonun torpaqiqlim şəraitindən asılı olaraq, sideratlar seçilir. Sideratların toxumu əsas bitkinin məhsulu yığıldıqdan sonra yayın sonlarında və ya payızda səpilməlidir. Yaşıl gübrə üçün payızda əkilmiş bitkilər yazda şumlanıb torpağa basdırılır (şəkil 4.10). Paxlalı bitkilər qönçələmə fazasında şumlanıb torpağa basdırılmalıdır. Sideratların torpağa yaxşı basdırılması üçün yaşıl kütləni şumlamaya qədər diskli malalar ilə xırdalamaq lazımdır. Sideratlar torpağa basdırıldıqdan sonra onların yaxşı çürüməsi üçün yüksək rütubətin olması vacibdir. Ona görə də rütubətliyi az olan rayonlarda suvarılma aparılmalıdır.
Tərkibində kalsium az olan qırmızı və podzollu torpaqlarda yaşıl gübrə şəklində acı paxlanın bütün növlərini və seradellanı, karbonatlı torpaqlarda isə çöl noxudu, lərgə məsləhət görülür.