Bir dəfə qarışdırdıqda üç aydan sonra hazır olur. Tezləşdirmək üçün ayda iki dəfə qarışdırmaq lazımdır. Həftədə bir dəfə qarışdırdıqda kompostlaşdırma bir aydan sonra başa çatır. Bu artıq isti kompostlaşdırmadır. İsti üsulda tullantı topasını tez-tez qarışdırmaq tələb olunur. Bəzən işi asanlaşdırmaq üçün 200 litrlik dəmir çəlləklərdən istifadə olunur, ancaq qapaq da düzəldilir. Ora yalnız normal nəmlikdə olan tullantılar tökülür. Çəlləyi həftədə 1-2 dəfə diyirlətməklə tullantıları qarışdırmaq məsələsi həll olunur. Hazır kompost tünd, bəzən qara rəngdə, yumşaq olub və xoşa gələn meşə qoxusu verir (şəkil 4.8). Kompostun tərkibində xammaldan asılı olaraq, orta hesabla 0,4% azot, 0,2% fosfor və 0,5% kalium olur. Onlar bitkinin inkişafını sürətləndirir. Kompostun üstünlüyü budur ki, ifrat miqdarda istifadə etdikdə belə təhlükə törəmir.
Keyfiyyətli kompost hazırlamaq üçün ona əhəng qatılmalı və üzərinə peyin şirəsi tökülməlidir. Sonra qalağı qarışdırmaq və onun daxilinə hava keçməsini yaxşılaşdırmaq üçün kürək, yaxud bellə çevirmək lazımdır. Bitki tullantılarından düzəldilmiş kompost 2.5-3 aydan sonra istifadəyə yararlı olur (şəkil 4.8). Üzüm cecəsi də kompost hazırlamaq üçün yararlıdır. Üzüm cecəsinin tərkibində peyinə nisbətən daha çox qida maddələri var, lakin cecə torpaqda çətin parçalanır, ona görə onun keyfiyyəti peyindən hazırlanan kompostdan aşağıdır. Cecədən kompost hazırlamaq üçün, o, hamar yerdə 20-25 sm qalınlığında laylarla yığılır, hər 100 kq cecəyə 4 kq tomasşlak, yaxud 2 kq fosfor unu və 2 kq kalium-sulfat qatılır. Kalium-sulfat əvəzinə 3 kq 40%-li kalium duzu, yaxud 4 kq silvinit götürmək olar. Sonra hər layın üzərinə sönmüş əhənglə ammonium- sulfatın qarışıq məhlulu (hər 100 kq cecəyə 15 l hesabı ilə) tökülür. Bu məhlulu hazırlamaq üçün hər 10 l suya 1 kq sönməmiş əhəng və 2 kq sönmüş əhəng və 2 kq ammonium-sulfat götürmək lazımdır.
4.5. Maye yaşıl gübrələr
Maye yaşıl gübrə ekoloji kənd təsərrüfatında kifayət qədər geniş tətbiq olunur. Belə gübrələr bitki tərəfindən asan mənimsənilir və onlar bitkilərin intensiv boy atmasını təmin edir. Maye yaşıl gübrə müxtəlif bitkilərdən (məsələn: gicitkən, xəndəkotu və s.) hazırlanır. Onun tərkibində çoxlu miqdarda azot və kalium elementləri var. Bu gübrələr bitkilərə suvarma suyuna qatılmaqla birbaşa kökdən, onun duruldulmuş cövhəri isə bitki üzərinə çilənməklə yarpaqlar vasitəsilə kökdən kənar yemləmə kimi verilir.
Maye bitki gübrəsi ilə çiləmə ekoloji təsərrüfatlarda səmərəli üsullardan biri sayılır. Yarpaqlara çilənməsi 2-3 həftədən bir aparılır. Maye gübrə bitkilərə kökdən və yarpaqdan verilir. Lakin bu cövhər iki dəfə duruldulmuş halda olur. Adətən maye yaşıl gübrələr əksər bitkilər üçün yarpaqdan çiləndikdə 1 litr cövhər 10 litr suya, kökdən verildikdə 1 litr cövhər 5 litr suya qarışdırılaraq tətbiq olunur (şəkil 4.9).
Gicitkəndən maye yaşıl gübrəsi belə hazırlanır: gicitkənin 1 kq yaşıl və ya 400 qr quru kütləsinə 10 litr otaq temperaturunda su tökülüb qarışdırılır və qıcqırmaya qoyulur. Qıcqırma 10-14 gün müddətində başa çatır. İsti aylarda cövhər bir qədər tez müddətdə (7-10 gün) əmələ gəlir.