4.2. Quş zılı
Quş zılı məməli heyvanlarda olduğu kimi, ayrıca duru və ifrazat şəklində əmələ gəlməyib, yarımmaye şəklində olur. Quş zılı qiymətli, xeyli qatı və tez təsir göstərən üzvi gübrədir. Peyin kimi onun da tərkibində bitkilərə lazım olan qidalı maddələr var. Lakin quş zılında bunlar daha çoxdur. Buna səbəb quşların daha qüvvətli yemlərlə qidalanmasıdır. Kimyəvi tərkibinə görə quş zılı üzvi gübrələrin ən yaxşı növləri sırasına aiddir. Bu sırada daha qiymətli toyuq və göyərçin zılıdır, nisbətən zəif isə ördək və qaz zılı hesab olunur. Zılın torpağa tez-tez verilməsi zamanı azotun nitrat formasının toplanması müşahidə olunur. Bu baxımdan zılın payızda və bütün sahə üzrə bərabər paylanmasını təmin etməklə verilməsi məqsədəuyğundur. Lakin quş zılının ən səmərəli istifadə forması onun maye halıdır. Bunun üçün həcmin yarısını zıl ilə doldurub üzərinə su əlavə edirlər və bu vəziyyətdə 3-5 gün
ərzində saxlayırlar. Məhlulu yenidən su ilə qarışdıraraq (1:10) istifadə edirlər.
Cədvəl 4.2
Müxtəlif quşların zılında olan qidalı maddələrin miqdarı
(zılın yaş kütləsinə görə %)
Quşların növü | H2O | N | P2O5 | K2O | CaO | MgO | SO4 |
Toyuq | 56 | 1,5 | 1,8 | 0,9 | 2,4 | 0,7 | 0,4 |
Ördək | 57 | 0,8 | 0,5 | 0,5 | 1,7 | 0,3 | 0,3 |
Qaz | 82 | 0,6 | 0,5 | 1,0 | 0,6 | 0,3 | 0,1 |