Hər bir təsərrüfatda xüsusi peyin anbarları tikilməlidir. Onları ucuz başa gələn yerli materialdan tikmək lazımdır.
Peyin anbarı tikmək üçün layihə hazırlandığı zaman Azərbaycanda mal-qaranın tövlədə saxlandığı müddət 180 günə qədər hesablanmalıdır. Bu müddət ərzində hər bir qaramal və at orta hesabla 3 ton, hər bir xırda buynuzlu heyvan 200-250 kq peyin verə bilər. Peyin anbarlara şirə quyusunun yanından tökülməlidir. Peyin əvvəlcə xəndəyin uzununa 2-3 m enində və azı 1 m hündürlükdə yığılır. Sonra bu birinci təbəqənin üzərinə eyni qayda ilə ikinci təbəqə və s. əlavə edilir. Beləliklə, tapdalanıb
bərkidildikdən sonra hündürlüyü 1,5-2 metrə çatanadək oraya peyin tökülməsi davam etdirilir. Xəndəyin uzunu boyu 2-3 metr enində olan birinci peyin yığımı lazımi səviyyəyə çatdırıldıqdan sonra, ona sıx yapışmaq şərtilə ikinci yığım, sonra üçüncü və s. yığımlar düzəldilir.
Peyin yığınları anbarda peyin şirəsi olmadıqda su ilə isladılmalıdır. Peyinin bu cür saxlanmasına anaerob saxlanma üsulu deyilir (eyni zamanda bu, soyuq üsul adlanır). Peyin soyuq saxlandıqda tapdalanıb sıxlaşdırılır (şəkil 4.2)
Peyin isti üsulla saxlandıqda o, anbara sıx tökülmür və tapdalanıb bərkidilmir. Bu zaman peyinin daxilində şiddətli parçalanma prosesi gedir.
Peyin anbarları olmayan yerlərdə peyini hündürlüyü 1,5-2 m, eni 2-3 m olan ayrı-ayrı qalaq şəkilində saxlamaq lazımdır. Peyin üç ildə bir dəfə, torpağın vəziyyətindən asılı olaraq hər hektara 30-60 ton miqdarında verilir. Müxtəlif bitkilər üçün peyin norması dəyişə bilər. Sahəyə daşınmış peyin tez cərgə aralarında bir bərabərdə payızda səpilməli və dərhal sahə şumlanmalıdır.