Şəkil 3.4. Məhsulda nitratların təyini
Yuxarıda qeyd olunanları əsas tutaraq, bu gün müasir-ekoloji əkinçiliyin əsas vəzifəsi az xərc çəkməklə və zəhərli kimyəvi maddələr tətbiq etmədən, mümkün qədər təbii ekosistemə uyğun olan, üzvü-bioloji yollarla torpaqların münbitliyini bərpa etmək və yüksəltmək, təbii ehtiyatlardan səmərəli və uzun müddət istifadə etmək, ətraf mühiti və torpağı çirklənmədən qorumaqla ekosistemdə harmoniyanı saxlamaq və ekolojitəmiz məhsul istehsal etməkdən ibarətdir. Bu baxımdan mineral gübrə istifadə edərkən ətraf mühiti çirklənmədən qoruyan və insanların sağlamlığını əsas tutan ekoloji tələblərə riayət etmək lazımdır.
Növbəli əkinə əməl edilməsi, əkin dövriyyəsinə azot toplayan bitkilərin daxil edilməsi, onların kövşən və kök qalıqlarının yaşıl gübrə kimi səmərəli istifadəsi, mineral gübrələrin rasional şəkildə tətbiqi, onların üzvü gübrələrlə əlaqəli şəkildə istifadəsi və s. tədbirlər hesabına mineral gübrələrlə yüklənməni azaltmaq və ekoloji məhsul istehsal etmək mümkündür. Bu isə kənd təsərrüfatının davamlı olmasını və ətraf mühitin qorunmasını təmin edir.
Sərbəst iş üçün tapşırıqlar
1. Yaxın fermer təsərrüfatlarına gedərək mineral gübrələrin istifadə qaydalarını əyani
olaraq müşahidə edin.
2. Mineral gübrələrin bitkinin məhsuldarlığına və məhsulun keyfiyyətinə təsiri ilə bağlı
torpaq istifadəçilərindən məlumat toplayın.
3. Məlumatları qısa bir hesabat halına salın və qrup yoldaşlarınız üçün qısa təqdimat
hazırlayın.
4. Bu istiqamətdə qrup müzakirələri aparın.