Mineral gübrələrin torpaqda biokimyəvi miqrasiyasına dair aparılan tədqiqatların nəticələri göstərir ki, torpağa verilən azot gübrələrinin yalnız 40%-i bitkilər tərəfindən mənimsənilir, qalan hissəsi qaz birləşmələri şəklində atmosferə qalxır və ya mütəhərrik halda torpaq horizontları ilə aşağıya doğru yuyulur.
Mineral azotun intensiv istifadə olunduğu ərazilərdə mövcud olan qrunt sularında nitratların toplanması halları daha çox nəzərə çarpır. Yeraltı sular hesabına formalaşan şirin su hövzələrində nitratların toplanması sanitar-gigiyenik problemlər yaradır. Çoxsaylı tədqiqatların nəticələri göstərir ki, mineral gübrələrin tətbiq olunduğu ərazilərdə yerləşən və yeraltı sular hesabına formalaşan içməli su hövzələrində nitratların toplanması intensivləşir. Məsələn, ABŞ-da analiz götürülən su quyularının 30-50%-də nitratların miqdarı 45-50 mq/l təşkil etmişdir. Almaniyada 86 min su quyusundan analizlər götürülmüş və 36 min içməli su quyusunda nitratların miqdarı 50 mq/l olmuşdur. Bu rəqəmlər keçmiş MDB respublikalarında, xüsusilə Moldovada, Rusiyada mövcud olan içməli su hövzələrində 70-100 mq/l təşkil etmişdir. Nəzərə alsaq ki, bir çox ölkələrin dövlət standartlarına uyğun olaraq içməli suyun tərkibində olan nitratların buraxıla bilən həddi 25-45 mq/l qəbul edilmişdir, onda şirin suyun tərkibində qeyd olunan həddən artıq nitratların toplanması sanitar gigiyenik baxımdan olduqca təhlükəli hesab olunur.
Normadan artıq mineral gübrələrin tətbiqi torpağı ağır metallarla çirkləndirir. Mineral gübrələr torpağın ağır metallarla və toksiki elementlərlə çirklənməsində əsas mənbə hesab olunur. Bu, əsasən, mineral gübrələrin istehsalında istifadə olunan xammalın tərkibində olan stronsium, uran, qurğuşun, vanadium, kadmium və s. elementlərin olması ilə əlaqədardır. İstehsal zamanı yaranan texnoloji faktorlar bu elementlərin mineral gübrələrin tərkibindən tam çıxarılmasında maneələr yaradır və hələ də gübrə istehsalında bu məsələlər nəzərdən keçirilmir. Ağır metallar müxtəlif qarışıqlar şəklində superfosfat və kalium gübrələrinin, o cümlədən əhəngin və fofogipsin tərkibində qalır. Məsələn, superfosfat gübrəsinin tərkibində qarışıqlar şəklində 50-170 mq/kq kadmium, 7-92 mq/kq qurğuşun, 0-9 mq/kq kobalt, 20-180 mq/kq vanadium, 50143 mq/kq sink, 4-79 mq/kq mis, 66-243 mq/kq xrom, 7-32 mq/kq nikel, 0-4,5 mq/kq silenium və s. olur (cədvəl 3.4). Ağır və toksiki metallarla çirklənmiş torpaqlarda becərilmiş bitkilərdə bu elementlərin konsentrasiyası daha intensiv baş verir, buraxıla bilən həddi keçir (cədvəl 3.5) və bu elementlər məhsul vasitəsilə ilə insan və heyvan orqanizmlərinə keçərək sağlamlığa ciddi ziyan vurur.
Cədvəl 3.4
Mineral gübrələrdə olan ağır metallar, mg/kq
Gübrələr | Zn | Cu | Ni | Pb | Fe | Cd | Cr | Co |
(KCl) | 3,11 | 8,67 | 4,33 | 8,67 | 680,53 | |||
Ca (H2 PO4)2 | 7-32 | 7-92 | 50-170 | 66-243 | 0-9 |