Rütubət çatışmayan bölgələrdə isə bütün mineral gübrələr payızda, torpağın əsas becərməsi zamanı verilir.
Kartof xlora qarşı həssas olduğu üçün xlorlu kalium gübrəsinin istifadəsi məsləhət görülmür. Kalium sulfat (K2SO4) gübrəsi kartof üçün daha əlverişlidir.
Misal: Planlaşdırılmış məhsula görə qarğıdalının gübrə normasının hesablanması
Mineral və üzvi gübrələrdən istifadə etmədən qarğıdalıdan yüksək dən məhsulu götürmək mümkün deyil.
Torpağın fiziki və kimyəvi xassələrinin yaxşılaşdırılmasında üzvi gübrələrdən peyin xüsusi rol oynayır. Bu məqsədlə qarğıdalı səpiləcək sahənin hər hektarına əsas şum altına 20-30 ton peyin verilməsi məsləhət görülür. Mineral gübrələr də qarğıdalının qidalanmasında mühüm rol oynayır.
Fosfor və kalium gübrələri az mütəhərrik olduqlarından onlar peyinlə birlikdə dondurma şumunun altına, bitkinin əsas köklərinin yayıldığı zonaya verilməlidir ki, vegetasiyanın bütün dövrlərində bitki onlardan istifadə edə bilsin.
Lakin qarğıdalının cavan cücərtilərinin vegetasiyanın əvvəllərində də fosfor və kalium qidasına ehtiyacı olduğundan, yaxşı olar ki, illik normanın 30%-i səpin qabağı becərmədə verilsin. Azotlu gübrələr mütəhərrikdir. Azot suvarma suyu ilə torpağın əkin qatından yuyulduğundan, onları hissə-hissə, yəni illik normanın 30%-nin səpin qabağı becərmədə, 70%-nin isə yemləmə şəklində verilməsi tövsiyə olunur.
Torpaqda qarğıdalı tərəfindən mənimsənilən azotun 15%-nin, fosforun 10%-nin və kaliumun 12%-nin, mineral gübrələrdən isə 1-ci il azotun 60%-nin, fosforun 25%-nin və kaliumun 70%-nin mənimsənilməsi nəzərə alınaraq, aşağıdakı düsturla lazım olan gübrə norması müəyyənləşdirilir.
Burada: D - lazım olan gübrənin təsiredici maddə hesabı ilə miqdarı (kq/hek); B - planlaşdırılmış məhsulla aparılan qida maddələrinin miqdarı (kq/hek); Ktor - bitkinin torpaqdan və Kgüb - gübrələrdən qida maddələrini mənimsəmə əmsalları (%-lə). T - torpaqda mənimsənilə bilən qida maddəsinin miqdarı (kq/hek).
Misal üçün, qida maddələri ilə zəif təmin olunmuş torpaqlarda dən məqsədilə becərilən qarğıdalı üçün gübrə norması aşağıda göstərilmiş qaydada hesablanır:
Şərtlər: Qarğıdalının planlaşdırılan dən məhsuldarlığı 4,5 t/ha. Qarğıdalı 1 ton dən məhsulunun əmələ gəlməsi üçün təxmini olaraq 30-34 kq azot, 11-12 kq fosfor və 33-37 kq kalium mənimsəyir.