Cədvəl 3.3
Kartofun torpaqdan mənimsədiyi qida maddələri
Məhsul | Torpaqdan aparılan qida maddələri, kq/ha | ||
Azot, N | Fosfor, (P2O5) | Kalium, (K2O) | |
Kartof (100 sent/ha) | 50 | 20 | 90 |
Kartof torpağın gübrələnməsinə yaxşı reaksiya göstərir. Üzvi və mineral gübrələr verdikdə məhsul 50%-ə qədər arta bilir. Üzvi və mineral gübrələrin birlikdə verilməsi daha faydalıdır. Kartof becərilərkən gübrələrin verilməsi müddəti və üsulu vacibdir. Tədqiqatlarla müəyyən olunmuşdur ki, yerli gübrələrin verilməsi məhsuldarlığı 12-24%-ə qədər artırır.
Qabaqcadan torpağın daraqşəkilli (tirəşəkilli) kəsilməsi və gübrələrin lokal üsulu ilə (müəyyən həddən kənara çıxmamaq) verilməsi yüksək məhsul götürməyə və gübrənin xərcini ödəməyə imkan verir.
Torpaqda humus balansını nizamlamaq məqsədi üçün gilli və qumsal torpaqlara hektara 10-15 ton peyin vermək lazımdır.
Növbəli əkin tarlalarında çoxillik otlar olmazsa, üzvi gübrələrin miqdarını hektara 56 ton artırmaq lazımdır. Kartof əkinlərində hektara 60-80 ton peyin verilməsi tövsiyə olunur.
Torpağa veriləcək gübrə normasını müəyyənləşdirmək üçün torpağın qida maddələri ilə təmin olunma dərəcəsini, fiziki xassələrini, torpaq-iqlim şəraitini və sortun bioloji xüsusiyyətlərini nəzərə almaq lazımdır.
Mexaniki tərkibi ağır olan torpaqlara üzvi gübrələri dondurma şumunun altına və ya yazda dondurma şumunu yenidən qaldırdıqda vermək olar. Yüngül torpaqlara peyin və kompostun yazda verilməsi məsləhət görülür. Gübrələrin verilməsi torpağın xüsusiyyətlərindən, gübrənin kimyəvi tərkibindən, onun bitki üçün yararlı olmasından və əlbəttə ki, kartof sortlarından asılıdır. Adətən təsərrüfatda ayrı-ayrı bitkilərə veriləcək gübrə normasının müəyyən edilməsi çətinlik törədir. Kənd təsərrüfatı bitkiləri üçün gübrə dozası, əsasən, planlaşdırılmış məhsula görə müəyyən edilir. Bu üsulla gübrə normasını təyin edən zaman aşağıda göstərilənləri bilmək lazımdır:
➢ Məhsulla aparılan qida maddələrinin miqdarı (sorğu kitablarından istifadə etməklə tapılır).