Əksər bitkilər üçün əlavə yemləmədə azot, fosfor və kalium gübrələrindən, həmçinin peyin şirəsindən (8-10 ton/ha), yaxud quş zılından 1,5-2,5 sen/ha istifadə etmək olar. Vegetasiya dövründə kökdən kənar yemləmədə gübrəsəpən maşınlar vasitəsilə gübrə cərgə aralarına, bitkinin kök boğazından 15-20 sm aralı olmaqla, 8-10 sm dərinlikdə şırımlara verilir və üstü torpaqla örtülür (şəkil 3.1)
Suvarılan zonada əlavə yemləmə zamanı gübrə quru halda, bərabər miqdarda suvarma şırımlarına tökülür. Suvarmadan sonra nəmliyi saxlamaq üçün şırımların üstü örtülür. Kökdən əlavə yemləmə şəklində mikro gübrələrdən də istifadə edilir. Əksər bitkilər üçün əlavə kökdən yemləmədə mikrogübrələrdən bor (4-6 kq/ha bor turşusu), manqan (1-2 kq/ha manqan-sulfat) və sink (2-3 kq/ha sink-sulfat) istifadə olunur.
Kökdənkənar yemləmə-yarpaqlara qida maddələrindən hazırlanmış məhlulun çilənməsindən ibarətdir. Yarpaqların tez qurumaması üçün çiləmə səhərlər və ya axşama yaxın, gün batandan sonra aparılır.
Kökdənkənar əlavə yemləmələrdə əsas gübrələrin sulu məhlulundan istifadə edilir. Bunun üçün azotlu (ammonium-sulfatın 0,2-0,5%-li məhlulu, yaxud ammoniumşorasının 0,3%-li məhlulu), fosforlu (superfosfatın 5-7%-li məhlulu) və kaliumlu (kaliumxloridin 0,5-1,5%-li məhlulu) gübrələrdən məhlul hazırlanır. Hazır məhlul maye gübrə səpənlə bitkilərə çilənir (şəkil 3.1).
Mikrogübrələrdən kökdənkənar əlavə yemləmələr daha səmərəlidir. Mikroelementlərdən ibarət kökdənkənar əlavə yemləmədə bordan (0,1-0,2% bor turşusu məhlulu), manqandan (manqan-sulfatın 0,1-0,02%-li məhlulu) və sinkdən (sinksulfatın 0,02 %-li məhlulu) istifadə olunur.
Kökdənkənar əlavə yemləmə üçün azot, fosfor və kaliumdan 100 l məhlul hazırlamaq üçün 5-7 kq superfosfat 50-60 l suda qarışdırılır və bir sutka ərzində çökdürülür. Çöküntüsü təmizlənən superfosfat məhluluna 0,3 kq ammonium-şorası və-1,5 kq kalium-xlorid əlavə edilir. Sonra məhlulun həcmi 100 l-ə çatdırılır və çilənir.
Qeyd olunan qaydada əsas və mikro gübrələrdən ibarət hazırlanmış maye gübrəni suvarma suyuna qatmaq və damcıvari suvarma sistemi vasitəsilə birbaşa bitkilərin kökünə vermək daha səmərəlidir (şəkil 3.2). Bu zaman gübrə birbaşa kök yayılan qata verilir və əlavə gübrə itkisinin qarşısı alınır. Həmçinin gübrə suda həll olmaqla bitki tərəfindən asan mənimsənilir. Bundan başqa, gübrə səpən maşınlardan istifadəyə ehtiyac yaranmır və bu da xərclərə qənaət etməyə imkan verir.