Bəzi alimlər əsas gübrələmənin erkən yazda, bəziləri isə payızda aparılmasını tövsiyə edirlər. Əsas gübrənin yazda verilməsinin tərəfdarları olan tədqiqatçılar qeyd edirlər ki, bu zaman torpaqda kifayət qədər nəmlik olur və torpağa verilən gübrələr, xüsusilə də fosfor gübrələri torpağın optimal nəmlik şəraitində 20-25 günə parçalanır və bitkilər mənimsənilən hala keçir. Lakin bu müddətdən sonra torpaqda asan həll olan fosforun miqdarı azalır və əsasən, əkin qatında fosforun çətin mənimsənilən formaları artır. Bu hallara payızda əsas şum altına verilən gübrələmədə bir qədər az rast gəlinir. Belə ki, bu zaman torpağın nəmliyi yaz mövsümünə nisbətən az olur, torpağa verilən kalium və fosfor gübrələri tədricən parçalanaraq bitki mənimsənilən hala keçir və bitki torpaqda yaranan qida şəraitindən yazda səmərəli istifadə edir. Həmçinin payızda əsas şum altına peyinlə birlikdə fosfor və kalium gübrələrinin verilməsi nəticəsində bitkinin qida maddələrindən istifadə əmsalı artır. Qeyd olunanları nəzərə alaraq, əksər kənd təsərrüfatı bitkiləri üçün kalium və fosfor gübrələrinin illik normasının 40-50%-i payızda əsas şum altına verilməlidir.
Ümumiyyətlə, peyin, fosfor və kalium gübrələrinin illik normasının yarıdan çox hissəsinin dondurma şumu altına, qalan hissəsinin vegetasiya dövründə əlavə gübrələmədə, xüsusilə yemləmə şəklində, azot gübrələrinin isə yazda verilməsi məqsədəuyğundur.
Gübrələrin torpağa verilmə dərinliyi uducu köklərin əsas kütləsinin yerləşdiyi qata uyğun gəlməlidir. Gübrələr şum dərinliyə uyğun olaraq torpağa verilir. Qida maddələrindən kasıb olan torpaqlarda şum zamanı verilən gübrələrin dozası bir qədər artırılır.
Payız-qış dövründə peyin superfosfatla, kompostla, torfla, fosforit unu və tomasşlakla qarışdırılıb verilir. Bu gübrələr çətin həll olduqlarına görə bitkilərin onları mənimsəmələri üçün xeyli vaxt lazımdır. Ona görə də onlar şum altına verilir. Karbonatlı torpaqlarda əsas gübrələr payızda verilməməlidir. Çünki karbonatlı torpaqlarda onların parçalanması intensiv gedir və növbəti əkiləcək bitki gübrələrdən lazımı qədər istifadə edə bilmir.
Əsas gübrələmədə çətin həll olan mineral gübrələrin üzvü gübrələrlə qarışıq şəkildə verilməsi böyük əhəmiyyət kəsb edir. Onların qarışılıqlı şəkildə verilməsi, birinin digərini mənimsənilən formaya çevrilməsinə şərait yaradır.
Bitkilərin qidalanmasını yaxşılaşdırmaq üçün çox vaxt eyni zamanda bir gübrə deyil, bir neçə sadə
mineral gübrə tətbiq etmək lazım gəlir. Buradan gübrə qarışıqlarının hazırlanması zərurəti meydana
çıxır. Sadə gübrələrin qarışdırılması, yəni qarışıq mineral gübrələrin alınması nəinki onların torpağa
verilməsinə qənaət edilməsinə, həm də həmin gübrələrin fiziki xassələrinin yaxşılaşmasına səbəb olur.
Buna misal olaraq, ammonyak şorası, presipitat və kalium-sulfatdan ibarət gübrə qarışıqlarını göstərmək
olar. Ammonyak şorası güclü hiqroskopikliyi ilə fərqlənir, o asanlıqla rütubət çəkir və kəsəklərə
çevrilir. Onu torpağa verməzdən əvvəl xırdalamaq lazım gəlir. Presipitat və kalium-sulfat hiqroskopik
deyil.