2.3. Mineral gübrələrin əsas xassələrinin və keyfiyyət göstəricilərinin təyini
Gübrələrin keyfiyyət göstəricilərinin analizinə dair laboratoriya işinin aparılmasında məqsəd şagirdlərin gübrələri təyinetmə üsullarına yiyələnməsi və qazandıqları vərdişləri istehsalat şəraitində tətbiq etməyi bacarmasından ibarətdir.
Gübrələri həm xarici əlamətinə görə, həm də fiziki-kimyəvi xassələrinə görə, məsələn həll olmasına, alovu boyamasına, közərmiş kömür üstünə tökəndə nə vəziyyətə düşməsinə, lakmus kağızına təsirinə, turşu, qələvi, barium xlorid, gümüş nitrat, ammonium oksalat ilə verdiyi reaksiyasına görə təyin edilir.
Hər gübrə bir və ya bir neçə ən çox xarakterik reaksiya ilə fərqlənir ki, onları bu reaksiyalar vasitəsilə təyin edirlər.
Reaktivlər, materiallar və təchizat. Analiz etmək üçün aşağıdakılar olmalıdır: 2- 5%-li barium xlorid (BaCl2) məhlulu, 1-2%-li gümüş-nitrat (AgNO3) məhlulu, 8-10%-li qələvi (NaOH və ya KOH) məhlulu, 10 dəfə durulaşdırılmış sirkə essensiyası, 10%-li xlorid turşusu (HCl), ammonium oksalatın ((NH4)2 C2O4) doymuş məhlulu, ağac kömürü və kibrit, tabaşir, distillə edilmiş su, lakmus kağızı və ya universal indikator, təyin ediləcək gübrələrin nümunələri, spirt və ya qaz lampası, reaktiv şüşələri, yuma şüşəsi, barium xlorid və gümüş-nitrat üçün damcı salan şüşələr, sınaq şüşələri və ştativlər, maşa və ya kömür yandırmaq üçün metal qaşıqlar.
Yuxarıda qeyd olunan maddələrlə gübrələrin qarşılıqlı təsir xarakterini əvvəlcə aşağıda verilən mineral gübrələri tanıma cədvəli (cədvəl 2.4) vasitəsilə öyrənmək lazımdır. Cədvəl ilə işləyəndə şagirdlər gübrələri təyin etməyin gedişi üzrə ayrı-ayrı sınama (yoxlama) reaksiyaları aparmalıdırlar.
Cədvəl 2.4-də gübrələrin qeyd olunan keyfiyyət göstəricilərinin və xassələrinin analiz üsullarından bəziləri haqqında aşağıda qeyd olunub:
Gübrələrin suda həll olmasını yoxlamaq üçün sınaq şüşəsinə 5-10 sm3 həcmində distillə suyu tökülür və az miqdarda (1-2 qram) gübrə götürülərək distillə suyunda çalxalanır. Sonra məhlul bir qədər sakit buraxılır. Əgər gübrə tam həll olarsa, yaxud məhlulda cüzi çöküntü və ya bulanıqlıq əmələ gələrsə, həmin gübrələr yaxşı həll olan hesab olunur. Alova görə yoxlama: Bıçağın ucunda azca gübrə götürüb lampa alovunun rəngsiz hissəsinə daxil edir və alovun rənginə fikir verirlər. Közərmiş kömürlə yoxlama: quru gübrədən azca (bir çimdik) götürüb köz üzərinə səpərək onun yanmasına, bu zaman tüstü əmələ gəlməsinə, iy çıxmasına və s. fikir verirlər. Lakmus kağızı ilə yoxlama: gübrəni distillə suyunda həll edib, lakmus kağızını məhlul ilə isladıb və gübrənin reaksiyasını (turşuluq və ya qələvilik) təyin edirlər. Gübrənin fizioloji turş və ya qələvi olmasını təyin etmək üçün digər üsul həmin gübrənin müasir elektron pH metr cihazı (şəkil 2.6) ilə yoxlanılmasıdır. Bunun üçün 5 qram gübrə götürülür və 100 ml distillə suyunda qarışdırılır, elektron pH metr cihazının elektrodları məhlulun içərisinə salınır və öyrənilən gübrənin pH təyin olunur.
Qələvi ilə yoxlama: gübrənin suda məhlulunu (3-4 ml) sınaq şüşəsinə töküb üstünə 1-3 ml 10%-li NaOH məhlulu əlavə edilir. Sınaq şüşəsinin içərisindəkilər qızdırır və qırmızı lakmus kağızı həmin məhlulda isladılır.