Nitrofoskalardakı fosfor yalnız qismən suda həll olan birləşmələr şəklində ola bilər (donmuş sulfat, sulfat turşusu, fosfatlı) və ya hətta heç olmaya bilər (karbonatlı). Onun başlıca kütləsi isə mürəkkəb gübrələrdə CaHPO4 şəklində olur.
Cədvəl 2.3
N:P:K tərkibli mürəkkəb mineral gübrələrdə təsiredici
maddənin faizlə miqdarı
Azot N % | Fosfor P2O5, % | Kalium K2O, % | Yekun t.e.m. % |
9 | 9 | 9 | 27 |
14 | 7 | 7 | 28 |
10 | - | 10 | 20 |
4 | 10 | 10 | 24 |
12 | 4 | 9 | 25 |
12 | 24 | - | 36 |
Maye mürəkkəb gübrə. Maye mürəkkəb gübrə istehsalının texnologiyası sadədir: ammonyakı fosfat turşusu ilə birləşdirir, kalium-xlorid və ya kalium-sulfat, karbamid və ya ammonium şorası əlavə edilir. Fosfat turşusu qismən diammofosla əvəz edilə bilər. Belə gübrələrin tərkibi (N:P:K nisbəti) müxtəlif olur. Hazırda əkinçilikdə ən çox istifadə olunan və gübrə satış məntəqələrində rast gəlinən yerli və xarici istehsalçıların məhsulu olan maye mürəkkəb gübrələrdən N3 P11 K38, N4 P15 K37+3MgO, Kalium nitrat N- 13%, K2O-46%, MAP -N12xP61xK0, Multi MKP N0xP52xK34 və s. qeyd etmək olar. Formulalarda yazılmış rəqəm həmin elementin gübrədəki faizlə miqdarını göstərir.
Kompleks gübrələr - mürəkkəb gübrələrdən fərqli olaraq, bir düsturda bütün tərkib hissələri olan müəyyən kimyəvi birləşmə deyil. Onları sadə gübrələrin qarışığı kimi hesab etmək də olmaz. Çünki onlar vahid texnoloji prosesdə alınır və hər bir dənəsində bütün tərkib hissələri olur. Kombinə edilmiş gübrələr iki qat və üç qat ola bilər, yəni onların tərkibində bitkilər üçün lazım olan iki və ya üç əsas element, həmçinin mikroelementlər - bor, mis, molibden və s. ola bilər. Hazırda təsərrüfatlarda ən çox istifadə olunan kombinə edilmiş gübrələrdən: Multi Mikro Kombi, PLANTAFOL N20-P20- K20 və 1 hissə 12 adda mikro və ultra mikroelement, PLANTAFOL N10-P54-K10 və 1 hissə 12 adda mikro və ultra mikroelement, PLANTAFOL N5-P15-K45 və 1 hissə 12 adda mikro və ultra mikroelement və s. göstərmək olar.