Ammofosun tərkibində fosforun miqdarının çox olması, onun mütəhərrik hala keçib bitkilər üçün asan mənimsənilməsi və gübrələmənin səmərəliliyinin artırılması üçün ammofosu payızda əsas şum altına vermək daha məqsədəuyğundur. Ammofosun istehsalı sərbəst fosfat turşusunun ammonyakla doydurulmasına əsaslanmışdır: 2NH3+H3PO4=(NH4)2HPO4.
Əgər doydurulma davam etdirilərsə, o zaman diammofos alınır, burada azot ilə fosfor arasındakı nisbət təqribən 1:2,5-ə bərabərdir.
Diammofosda azot və fosforun ümumi miqdarı 70%-dən artıqdır və mürəkkəb gübrələrin ən qatısıdır. Onun bir sentneri 3 sentner superfosfatı və 0,7 sentner ammonium şorasını əvəz edir. Diammofos mənimsənilən fosfatlara nisbətən, bitkilərin ala bildikləri azotla daha yaxşı təmin olunmuş torpaqlarda əsas gübrə kimi çox qiymətlidir. Belə torpaqlara qara torpaqlar aiddir.
Kalium şorası - tərkibində 13% azot və 46%-ə qədər kalium (K2O) var. Onun 1 sentneri 3 sentnerdən artıq kalium duzunu və demək olar ki, 0,4 sentner ammonium şorasını əvəz edir. Xlora həssas olan bitkilər üçün olduqca əhəmiyyətlidir. Kalium şorasının əsas çatışmazlığı onda azot və kalium arasında böyük nisbətin olmasıdır (1:3,5).
Kalium-ammonium fosfat - üçqat mürəkkəb gübrədir. Tərkibində 5% azot, 50%-ə qədər fosfor və 22-23% kalium var. Bu üçqat gübrəni torpağa verən zaman sadə azotlu, bəzən isə kaliumlu gübrə əlavə etmək lazımdır.
Ammonyaklaşdırılmış superfosfat - ammonyakın adi superfosfatla doydurulmasından alınır: Gübrədəki sərbəst turşuluq neytrallaşır və hiqroskopikliyi azalır. Adi superfosfat təqribən 6%-ə qədər ammonyak azotu uda bilər, lakin mənimsənilməyən fosfatların əmələ gəlməsinin (retroqradasiya) qarşısını almaq üçün azotu 3-4%-dən artıq qatmaq lazım deyil. Superfosfatın sərbəst fosfat turşusunu ammonyakla birləşdirən zaman ammofos əmələ gəlir. Əgər göstərilən miqdardan artıq ammonyak verilərsə, o zaman azacıq miqdarda kalium trifosfat da alına bilər. Bu “köhnəldikcə” və kristallaşdıqca onun bitkilərin əksəriyyəti tərəfindən mənimsənilməsi çətinləşir. Ammonyaklaşdırılmış superfosfatdan istifadə edildikdə ona sadə azotlu gübrələr qatılır, çünki azot çox azdır.
Ammonyaklaşdırılmış superfosfatdan fərqli olaraq, ammonyaklı superfosfat adi superfosfatın ammonium sulfatla qarışığından alınan məhsula deyilir.
Borlu superfosfatda təqribən 1% bor var. Onu superfosfatın istehsalı prosesində bor- maqnezium qarışığı (tərkibinə borat turşusu və maqnezium-sulfat daxildir) və ya borlu datolit mineralı əlavə etməklə əldə edirlər.
Nitrofoska. İstehsal üsulundan asılı olaraq nitrofoskadakı N, P və K miqdarı aşağıdakı hədlərdə dəyişir: N-12,3-17,5%; P2O5 - 6,8-18,7%; K2O- 13-18,2%.